Hadisə yerindən yanmış cəsəd şəkilləri paylaşanlar bu əməllərinə görə məsuliyyətə cəlb edilməlidir.
Belə bir təkliflə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət çıxış edib. Ötən gün Xətai rayonunda yerləşən Respublika Narkoloji Dispanserində baş vermiş dəhşətli yanğınla bağlı A.Həsrət bildirib ki, yanmış insan fotolarının açıq şəkildə paylaşmaq olmaz.
Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, bu, həqiqətən də diqqət edilməli məsələdir. S.Vəkilovun sözlərinə görə, fotoları açıq şəkildə yayan hər bir insan məsuliyyətə cəlb edilə bilər:
“Vəfat etmiş insanın fotosunu onun ailəsinin, qohumlarının izni olmadan yaymaq qadağandır. Bu, birbaşa şəxsi həyata müdaxilə hesab olunur. Digər baxımdan, ola bilər ki, ailə heç özü ölən qohumunun yanmış cəsədini görməyib. Təsəvvür edin, bu foto ölü sahiblərinə necə təsir edə bilər? Bu baxımdan o fotoları yayan şəxs məsuliyyət daşıyır”.
S.Vəkilov bildirib ki, fotoları o halda yaymaq məqbul hesab edilə bilər ki, faciə gizlədilsin, məlumat verilməsin. Bu halda faktın təsdiqi kimi yaymaq mümkündür, onda da müəyyən montajlar etməklə, üzünü və bəzi dəhşətli məqamları bağlamaqla:
“Bir halda ki, rəsmi qurumlar məlumat verir, ölü sayı göstərilir, vaxtaşırı ictimaiyyət səhih informasiya ilə təmin edilir, hətta Pezident olay yerinə gedir və hər şeyi şəxsi nəzarətinə götürür, belə məqamda fotoların yayılmasında məqsəd nədir?”
Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, faciə qurbanlarının dəhşətli fotolarını yayan saytlar cəzalandırılmalıdır:
“Belə fotoların yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilmənin tərəfdarı deyiləm, ancaq maliyyə sanksiyaları tətbiq edilməlidir. Dünya praktikasında da bu var. Bu həqiqətən də ciddi etik pozuntudur. Ölən insanların ailələri, azyaşlılar və təsadüfən fotoları görə biləcək əsəbi yerində olmayan insanlar var. Bu fotoları yaymaqla insanlara niyə sarsıntı yaşadılmalıdır?”
Ekspertin fikrincə, fotoları fərdi şəkildə paylaşanlardan daha çox, ondan istifadə edən sayt və media qurumları cərimələnməlidir:
“Çünki bir şəxsin paylaşdığı foto ancaq bir qrup arasında yayılır və onu hamı görmür. Sayt isə kütləvidir və mediada yayılan fotoların ölən şəxsin ailə üzvlərinin qarşısına çıxma ehtimalı çox yüksəkdir. Düşünün, bu nə deməkdir”.
Qeyd edək ki, martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.