Ukraynada müharibə uzandıqca, bu ölkənin gələcəyi ilə bağlı narahatlıqlar artır.
“Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik, çünki ölkələr təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, Rusiyanın işğalı cəzasız qalsa, o zaman “hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyamızda daha çox münaqişələr olacaq”.
Eyni zamanda, Blinken qeyd edib ki, koalisiya “inanılmaz dərəcədə cəsarətli olan ukraynalılara təcavüzü dəf etməyə kömək edib” və bu mübarizə davam edir: “Vladimir Putinin əvvəldən Ukraynanı Rusiyaya daxil etmək üçün onu xəritədən silmək planları artıq iflasa uğrayıb”.
Blinken həmçinin əlavə edib ki, Ukraynanın zamanla uğur qazanmasına, hərbi, iqtisadi baxımdan güclü demokratik ölkəyə çevrilməsinə dair bir plan var və bu plan reallaşacaq.