Ədalət Yusibov: “Akif bəyin məntiqinə tapınsaq…”
Qarabağ Azadlıq Təşkilatının sədri Akıf Nağının “Yeni Müsavat”ın ötən sayına verdiyi açıqlama çoxsaylı müzakirələr yaradıb. O, təsisçilərindən biri olduğu Qarabağ Komitəsinin (QK) fevralın 16-na təyin etdiyi mitinq barədə danışarkən Milli Şuranın (MŞ) ünvanına bir sıra iddialar səsləndirib. A.Nağı hesab edir ki, Milli Şura QK ilə mitinq bəhsinə girib. Sitat: “Milli Şuranın bizimlə mitinq yarışına girməsi yaxşı hal deyil. Amma davam edəcəklərsə, olsun, onlara nəsə demək fikrimiz yoxdur. Milli Şuranın 26 yanvar mitinqinə icazə verilməməsinin bizə heç bir aidiyyəti yoxdur. Onların bəzilərinin hərəkətləri ona yönəlib ki, ümumiyyətlə, heç kəsə mitinq üçün icazə verilməsin. Onlar bununla hakimiyyətin əlinə bəhanə verirlər”. Qeyd edək ki, bu fikirlərin səslənməsinə səbəb də komitənin 16 fevrala mitinq təyin etməsinin həmən ardından MŞ-nin aksiya keçirmək üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyi yönündə xəbərlərin yayılmasıdır. Milli Şuranın üzvü, ADR Hərəkatının sədr müavini Ədalət Yusibov “Yeni Müsavat”a açıqlamasında QAT sədrinə sərt cavab verdi: “Tamamilə əsassız iddialardır. Bu iddialar Akif bəyin leksikonunda, ümumiyyətlə, yersiz səslənir. Çünki onun özünün sizin qəzetinizə verdiyi müsahibəsində Qarabağ Komitəsinin tələbləri və mitinq şüarları sırasında hər hansı bir siyasi məzmun kəsb edən fikir və məqsədin olmadığı bildirilir. Həmin facebook üzərindən mənim etdiyim siyasi məzmunlu dəstək çağırışımı təxribat adlandırmışdı. Milli Şuranın tələbləri isə tam siyasi xarakter daşıyır. Gördüyünüz kimi, Akif bəyin məntiqinə tapınsaq, bu iki qurumun fəaliyyət müstəviləri xarakterlərinə görə tamamilə fərqlidir. Belə olan halda hansı mitinq yarışından söhbət gedə bilər. Bu fikirlər müxalifət düşərgəsində zəif də olsa yaranmış birlik meyllərinə ciddi ziyan vura bilər. Odur ki, belə fikirlər səsləndirəndə daha məsuliyyətli olmaq gərəkdir. Qarabağ Komitəsinin məram və məqsədlərinə şəxsən mənim yanaşmam Akif bəydən fərqli olaraq tam başqadır və Qarabağ məsələsini hər bir Azərbaycan vətəndaşının problemi hesab edirəm. Məlumat üçün bildirirəm ki, ADR Hərəkatı Qarabağ Komitəsində nümayəndə ilə təmsil olunur və Qarabağ problemini Azərbaycanın ən böyük siyasi problemləri içərisində birinci sırada görür. İndiki məqamda siyasi qüvvələrin, vətəndaş cəmiyyətinin daha çox yaxınlaşmasına ehtiyac və ictimai tələbat var. Qarabağ adına həsr olunmuş istənilən mitinqdə cəmiyyətin daha geniş tərkibdə iştirakına ehtiyac duyulur. Belə yersiz iddialar və fikirlər mitinq iştirakçılarının tərkibini siyasi mənsubiyyətə görə çərçivəyə sala bilər ki, bu da düşünürəm ki, daha çox hakimiyyətin maraqlarına uyğun olar”. Cavanşir ABBASLI, “Yeni Müsavat”