Prezident Vladimir Zelenski Ali Radada parlament fraksiyalarının rəhbərləri ilə görüşdə Ukraynanın “Ştaynmayer formulu” razılaşmasını təsdiq etməsi ilə bağlı vəziyyəti izah edib.
Virtualaz.org “İnterfaks-Ukrayna”ya istinadən bildirir ki, bunu “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arahamia deyib.
“Əgər Ukrayna xalqı hakimiyyəti həvalə edibsə, ən azı bir müddət ona güvənməlidir. İndi hamımız bu məsələdə Prezidentə etibar edirik. Bütün fraksiya rəhbərləri ilə fərdi görüş keçirdik. Hamısı hər şeyi, təəssüf ki, cəmiyyətə indi deyə bilmədiklərimizi, birbaşa eşitdi. Hər şey normaldır”,-deyə fraksiya rəhbəri bildirib.
Mənbələrə görə, V.Zelenski qapalı görüşdə 1 oktyabrda “Ştaynmayer formulu” ilə əlaqədar əldə edilən razılaşmalar barədə danışıb.
Radadan “Ukrainskaya Pravda”ya bildiriblər ki, Zelenski “Ştaynmayer formulu” üzrə öz mövqeyini parlament tribunasından izah etmək təklifindən imtina edib. Bildirilir ki, fraksiya liderləri ilə görüşdə Zelenski çox əsəbi olub, ancaq onları inandırmağa çalışıb ki, “hər şey yaxşı olacaq, özü hər şeyi həll edəcək və parlament rahat ola bilər”.
Xatırladaq ki, “Ştaynmayer formulu” Donetsk və Luqansk vilayətlərində yerli özünüidarəetmənin qaydalarını müəyyən edir. Buna “Donbasın xüsusi statusu haqqında qanun” da deyilir.
Ölkə müxalifəti dünən gecə həmin razılaşmanı “kapitulyasiyaya aparan yol” adlandıraraq Prezidentin istefasını tələb edib.