Sumqayıt Şəhər İcra Hakimiyyəti 2025-ci ildə abadlıq, yolların və küçələrin asfalt örtüyünün əsaslı təmiri və bu kimi infarstruktur layihələrin həyata keçirilməsi üçün 8 tender keçirib.
Reportyor.info-nun dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdımaya görə bu tenderlər üzrə bağlanmış satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 6 412 191,79 manatdır. Bununla belə, Sumqayıtdan gələn xəbərlərdə son illər şəhərdə yolların və küçələrin əsaslı təmiri, ciddi abadlıq-quruculuq işlərinin müşahidə olunmadığı iddia edilir.
Təxminən 1 həftə əvvəl Sumqayıtda yolların xətlənməsi müşahidə edilib. Sonradan məlum olub ki, bu, yalnız ölkə başçısının Sumqayıta səfəri ilə əlaqədardır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə bu qalib seçilən şirkətlərlə bağlı da maraqlı faktlar var.
Əvvəlcə qeyd edək ki, keçirilən tenderlərin qalibləri aşağıdakı şirkətlər olub:
“Dream Construction Company” MMC – 3 tender
“Safari” MMC – 2 tender
“M-House Construction” MMC – 1 tender
“VNM İnşaat” MMC – 1 tender
“RASH. M.Trade And Trade Services” MMC- 1 tender.
Mediada bu şirkətlər “tender kralı” kimi tanınır. Araşdırmalarımız zamanı bu təqdimatın heç də əsassız olmadığı üzə çıxıb.
Başlayaq “Dream Construction Company” MMC-dən.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur. “Dream Construction Company” MMC “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib. Açıq mənbələrdə şirkətə rəhbərlik edənlər haqqında heç bir məlumata rast gəlinmir.
“Safari” MMC-yə gəlincə, şirkət 8 iyun 1999-cu ildə qeydiyyata alınıbizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur. “Safari” MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir. Mübariz Verdixanov isə yerli mediada “tender kralı” kimi təqdim edilir. O, “Safari” MMC ilə yanaşı daha iki şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər “Safari Bak Upak” MMC və “Pioneer” MMC-dir.
“M-House Construction” MMC isə 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur. Açıq mənbələrdə “M-House Construction” MMC haqqında heç bir məlumata rast gəlinməsə də, şirkət satınalma müsabiqlərində fəal iştirak edir.
“Tender kralı” kimi tanınan “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. “VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Vüqar Nağıyevə gəlincə, o, 2024-cü ilə qədər “VNM Servis” MMC-nin və “VNM İnvest” MMC-nin qanuni təmsilçisi olub. Hazırda hər iki şirkətin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur. “VNM İnşaat” MMC ilə “VNM İnvest” MMC eyni tarixdə yaradılıb. Bunadan başqa, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir. “VNM Servis” MMC ilə “VNM İnvest” MMC də satınla müsabiqələrində fəal iştirak edirlər. Hər iki şirkət cari ildə 3 tenderin qalibi seçilib.
“RASH.M.M. Trade and Services-2020” MMC də şübhəli şirkətlər sırasındadır. Şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manat olan şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur. “RASH.M.M. Trade and Services-2020” MMC 2020-ci ilədək “Reshad MME” adı altında fəaliyyət göstərib. Nadir Xudiyevə gəlincə, o, həm də “İS.M.M.” MMC-nin qanuni təmsilçisdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu tip şirkətlərlə əməkdaşlı etməsi müəyyən suallar doğurur. Daha doğrusu qurumun keçirdiyi tenderləri sual altına qoyur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcvodur. O, 2015-ci ildən şəhərə rəhbərlik edir.




















