“Cəbrayıl rayonunun yeni Baş Plan hazırlanır. Yaxın zamanlarda onun yekunlaşması nəzərdə tutulur. Prezident də səfərlərində bu məsələyə xüsusi toxunub. Plan tam hazır olduqdan sonra ictimaiyyətə geniş və ətraflı məlumat veriləcək. Burada da bizim digər rayonlarımızda təbiq olunan “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Çünki orada da bir tikili salamat qalmayıb, hamısı yenidən inşa edilməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib. Millət vəkili Zəngəzur yolunun Cəbrayıldan keçməsindən də söz açıb:
“Zəngəzur yolu Cəbrayılın bir hissəsindən, yəni Arazyanı kəndlərdən keçəcək. Orada geniş bir yolun çəkilməsi nəzərdə tutulur. Evlərin inşası ilə bağlı isə onu deyə bilərik ki, prosesin icrası zamanı yaşıl enerjidən istifadə nəzərdə tutulur. Əhalinin əvvəlki qaydada əkin-biçin və heyvandarlıqla məşğul olması üçün şərait yaradılacaq. Biz bunu həmişə deyirik ki, 30 il əvvəl vəziyyət fərqli idi. Ona görə də müasir tikililərdə yeni memarlıq üslubunun şahidi olacağıq. Burda maksimum şəkildə əhalinin rəyi nəzərə alınacaq. Lakin elə kəndlərimiz var ki, onlar çox kiçik və ya dağınıq formadadır. Ona görə də kəndlərin hansı formada olacağına yenidən baxılacaq. Əvvəlki kəndlərdə sanitar qovşaqlar, tikinti ilə bağlı tələblər və normalar fərqli idi”.
Ceyhun Məmmədov diqqətə çatdırıb ki, çox kiçik kəndlərin böyük kəndlərlə birləşdirilməsi məsələsi də nəzərdən keçirilə bilər:
“Çünki elə kəndlər var ki, coğrafi baxımdan uyğun ərazidə yerləşmirlər, mərkəzdən çox uzaqdadırlar. Onlarla bağlı məsələyə baxılacaq. Dediyim kimi, Baş Plan hazır olduqdan sonra onun təqdimatının keçirilməsi və daha geniş məlumatın verilməsi nəzərdə tutulub. Hələ ki neçə kəndin bərpa olunacağı barədə dəqiq məlumat yoxdur. Əgər kimsə bu barədə hansısa fikir deyirsə, onlar dəqiqləşdirilməlidir. Cənab Prezident də bu məsələyə toxunmuşdu ki, planlar hazırlanır, baxılır, müəyyən dəyişikliklər edilir, ona görə də yekun plan olandan sonra konkret fikir bildirmək olar”.




















