“Whatsapp” ani mesajlaşma sistemində “Yatırım” adı altında onlayn piramida qurub yüzlərlə insanı aldatmaqda ittiham olunan Vahid Rzayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Reportyor.info xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.
Məlumat üçün deyək ki, çoxsaylı vətəndaşların aldanılaraq pullarının ələ keçirilməsi barədə Daxili İşlər Nazirliyininə (DİN) müraciətlər daxil olub. Vətəndaşların müraciətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, “Vahid” adlı şəxs tərəfindən “Whatsapp” mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradılıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif şirnikləndirici vədlərlə insanların etibarını qazanıb. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verib, 100-dən artıq vətəndaşı aldadıb. Baş İdarə əmədakdaşları tərəfindən keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan çox maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zakir