YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev sərt danışıb. Reportyor.info musavat.com-a istinadən xəbər verir ki, M.Musayev qurultay haqda fikirlərini açıqlayıb.
“Bizim nizamnamədə belə bir şey var ki, qurultay çağırmaq üçün rayon təşkilatlarında konfranslar keçirilməlidir. Həmin təşkilatlar da qurultaya nümayəndə göndərirlər. Bundan sonra qurultay keçirilə bilər. Həmin nümayəndələrin iştirakı ilə Mərkəzi Aparat, Siyasi Şura və İdarə Heyəti formalaşır. Amma indi eşitməmişəm ki, hansısa rayonda qurultaya nümayəndə seçsinlər. Baxmayaraq ki, Səbayel təşkilatındayam, ildə 3-4 dəfə də gedib üzvlük haqqı verib gəlirəm. Qurultay söhbətlərini orada da eşitməmişəm. Digər tərəfdən, YAP-ın ”Yeni Azərbaycan” qəzeti var. Həmin qəzetdə yəqin ki, məlumat olmalı idi. Amma buna hələ rast gəlinməyib. Eyni zamanda YAP-ın katibliyi bu barədə elan verməlidir. Katibin də Əli Əhmədov olduğunu bilirsiniz. O, baş nazirin müavinidir, dərman satmaqla məşğuldur, bir sözlə, tibb məsələləri ilə məşğul olur. Ümumiyyətlə, onun hansı sahə ilə məşğul olduğunu bilən yoxdur. O, üzə çıxıb deməlidir ki, YAP-ın qurultayı martın 5-də olacaq, yaxud bu barədə yayılan məlumatlar səhvdir. Bu balaca partiya deyil. Məni YAP-a yaxın buraxmırlar. Bilirlər ki, gedən kimi sərt tənqid edəcəyəm. Talançıları partiyada saxladıqlarını deyəcəm, rüşvətxorları nə üçün müdafiə etdiklərinin hesabını soracağam. Partiya ilə yaxın olmadığım üçün də qurultay barədə məlumatsızam. Amma bir daha deyirəm ki, belə bir şey olarsa, bu barədə əvvəlcədən YAP-ın icra katibi, yaxud da partiya sədrinin müavinlərindən biri çıxıb deməlidir ki, belə qeyri-rəsmi xəbər yayılıb, qurultay olacaq, yaxud olmayacaq”.
M.Musayev hakim partiyanın Siyasi Şurasını sərt tənqid etdi: “Həqiqətən də YAP-ın Siyasi Şurasında lazımsız, partiyada xidməti olmayan, partiya yolunda çalışmayan, Heydər Əliyev siyasətinə adekvat olmayan insanlar var. Onlar haradansa gəlib öz məqsədlərinə nail olmaq üçün partiyanın biletini bankomat kartı kimi istifadə etməyə çalışanlardır. Onsuz da qurultay olsa, mənim kimilər, yəni YAP-ı yaradanlar ora dəvət olunmayacaqlar. Çağırsalar da, bir az loyal adamlar çağıracaqlar. Hakim partiyanın qurucuları olaraq bizlər arasında çox yaxın əlaqələr mövcuddur. Tez-tez zəngləşirik, görüşürük, siyasi vəziyyəti təhlil edirik. Mövcud vəziyyətin hakimiyyətlə uyğunlaşdığını müqayisə edirik. Eyni zamanda çox narahat olduğumuzu bir-birimizlə bölüşür və təəssüflənirik ki, yaratdığımız partiya niyə bu günə düşüb”.
Sabiq deputat YAP-ın gəncləşəcəyi yönündə səslənən iddialara da toxundu: “YAP-dakı gənclərin siyasi səviyyəsinə, ondan sonra Vətənə vurğunluq səviyyələrinə, millətə xidmət etmək bacarıqları səviyyəsinə bələd deyiləm. Bilmirəm orada sadaladıqlarıma uyğun gənclər varmı. Əgər türmədə yatan sabiq məmurların yetişdirdikləri gənclərdirsə, bu barədə söz deməyə çətinlik çəkirəm. Amma gənclər alın təri, halal zəhmətləri ilə partiyaya giriblərsə, yəni soxulmayıblarsa, gəncləşmə mütləq olmalıdır. İlk növbədə, gəncləşmə Yeni Azərbaycan Partiyasında olmalıdır. Gənclərin ən yaxşılarını, yaxşıların ən elitini seçmək lazımdır. İndi belə gənclərin olub-olmadığını söyləyə bilmərəm”.
Müsahibimiz sonda YAP-dan kimlər getməli, kimlər qalmalıdır kimi suallara bu cür mövqe sərgilədi: “Mən bu barədə fikir söyləməyəcəm. Çünki bunu hər kəs, xüsusilə YAP-a rəhbərlik edənlər çox gözəl bilirlər. Lazım gəlsə, gələcəkdə deyə bilərik ki, bu seçim düzdür, yaxud səhvdir, bu seçimdə ədalətlilik varmı, bu seçim Azərbaycana xeyir verəcək ya yox? Amma onu deməyi vacib bilirəm ki, əvvəlki qurultaylarda çox böyük səhvlərə yol verilib. Bu səhvlər gərək heç olmasa, bu dəfə buraxılmasın”.