Xaçmaz rayonunun Xudat qəsəbəsinin 40-a yaxın sakini Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək yerli jurnalist Cəmil Məmmədliyə qarşı təzyiqlərə son qoyulmasına köməklik göstərməyi xahiş ediblər.
Reportyor..info xəbər verir ki, bu barədə “Turan” məlumat yayıb.
“Jurnalist Cəmil Məmmədli Xaçmaz rayonunda və ümumilikdə regiondakı qanunsuzluqları, mənfi halları işıqlandırır. O, rayonun çətinliklərlə üzləşən hər bir sakininə yardım göstərməyə çalışır”, – müraciətdə deyilir.
Məmmədli uzun illərdir ölkənin şimal bölgəsində jurnalistika ilə məşğul olur. Əvvəllər “Azadlıq” radiosu ilə əməkdaşlıq edib, son illərdə müstəqil jurnalist kimi çalışır.
Bundan öncə onu diffamasiya üzrə islah işlərinə məhkum ediblər. İddianı Quba rayonunun icra başçısı qaldırıb.
Bu ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. Bundan əlavə, xuliqanlıq ittihamı ilə iş açılıb.