Xızı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasovu saxlayıblar.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan Reportyor.info-ya verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbarası və partladıcı saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib, odlu silah isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.
İlkin dindirilmə zamanı E. Abbasov silah və döyüş sursatını çay kənarında tapdığını bildirib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq davam etdirilir.