Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra əsas diqqət qazilərin və şəhid ailələrinin sosial qayğılarına, problemlərinin həllinə yönəlməlidir.
Bəzi hallarda müharibə veteranları onlara əlillik dərəcələrinin, veteranlıq statusunun verilməsində düzgün və ədalətli yanaşma olmadığını qeyd edirlər, narazılıq bildirirlər. Bu da sual doğurur ki, veteranlıq statusunun kimlərə verilməsi nəzərdə tutulur.
Reportyor.info bu mövzuda kiçik araşdırma aparıb və arayış xarakterli məlumat hazırlayıb. İlk növbədə qeyd etməliyik ki, “Veteranlar haqqında” Qanun müəyyən edilib.
Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş Azərbaycan vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar.
“Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir.
Bəs “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün hara və necə müraciət etməliyəm?
• Ətraflı ərizə (hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə);
• Hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti və ya SHXÇDX-nin hərbi xidmət haqqında arayışı;
• şəxsiyyət vəsiqəsinin surəti;
• arxiv arayışı (əgər varsa, olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır);
• məhkəmə qətnaməsi (əgər varsa) notarial qaydada təsdiq olunmuş surəti;
• amnistiya qərarı (əgər varsa) notarial qaydada təsdiq olunmuş surəti;
• əlillik vəsiqəsi (əgər varsa) notarial qaydada təsdiq olunmuş surəti;
• yaralanma, xəsarət və travma almış şəxslərin müayinə və müalicə haqqında sənədin surəti (əgər varsa);
“Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər tam və tələb olunan qaydada toplanılaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməlidir.
Veteranların hansı hüquqları var?
1. Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq
• digər müəssisədə əmək fəaliyyətini davam etdirmək;
• sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
• hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.
2. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması
• qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər;
• müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.
3. tibbi yardım
4. sanatoriya-kurort xidməti
5. mədəni xidmət
6. protez-ortopediya məmulatları – diş protezləri
7. Azərbaycan Respublikası Prezidentinin təqaüdü – aylıq 80 manat məbləğində (müharibə veteranlarına aiddir)