Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 08 may 2018-ci il
İllərdir Amerikanın etdiklərini, edəcəklərini düşünərkən nədənsə düşüncə proseslərimizə heç daxil edilməyən ABŞ Konqresində hava Türkiyə əleyhinə o qədər ağırlaşıb ki, ifadə yerindədirsə, Konqres Türkiyə əleyhinə olan düşüncələrlə “pıqqapıq” qaynamaqdadır.
Bu durum da Vaşinqtonda Türkiyəyə qarşı yönəlik olan bir sıra siyasətin Ağ evə qəbul etdirilməsinə yol açacağının əlaməti olaraq görülür. “Hakimiyyətə qəbul etdirilməsi” anlayışını vurğulayıram, çünki hazırda burada Konqresin xarici siyasət məsələsində “hakimiyyətdən müstəqilliyini elan etdiyi” danışılır.
Təhlükəli inkişaf
Bunun mənası da mənə belə izah edildi: normal halda, Konqresdə Türkiyə əleyhinə bir hava yaranardısa və Konqres Türkiyənin ABŞ üçün strateji əhəmiyyətinə diqqət etməyərək, münasibətləri pozacaq addımlar atmağı düşünərdisə belə, son anda hakimiyyət dövriyyəyə girər və razı salma yolu ilə bunların olmasını əngəlləyə bilərdi.
Konqresdəki son havaya baxılarsa, görünən odur ki, Rusiya ilə bağlı bu proses işlədilmədiyi kimi, Türkiyəyə yönəlik olaraq da işlədilməyəcək. Yəni, hakimiyyət bu anda “Türkiyə əleyhinə bəzi addımların atılması ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir” desə belə, Konqres bunu dinləməyərək, bəzi addımları atmaq üçün hərəkətə keçməyə hazırdır.
Hava 1974-ci ilin silah embarqosu öncəsi olan kimidir
Vaşinqtonun daxili iş mexanizmini Türkiyə ilə bağlı uzun illərdir izləyən təcrübəli bir mütəxəssis, Konqresdəki bugünkü havanın 1974-cü ildə qoyulan və 4 il davam edən silah embarqosu öncəsindəki havaya bənzədiyini, Türkiyə əleyhdarlığının artdığını anlatdı.
Təmsilçilərin və senatorların, demək olar ki, hamısı Türkiyədə həbs edilən rahib Bransonla bağlı fövqəladə seçici təzyiqi altındadır. Gün boyu ofis telefonları susmur, seçicilər Bransonun azad edilməsi üçün Konqres üzərində böyük təzyiq yaradırlar. Bransonun azad edilməsi üçün hər iki partiyadan olan konqresmenlərin imzalayıb prezident Ərdoğana göndərdiyi məktubda 66 imza vardı. İndi sayı daha da artan əksəriyyət hakimiyyətə heç qulaq asmadan, bəzi sanksiyalar tətbiq etməklə, Türkiyəyə siyasi təzyiq etməyi planlaşdırır. Pulu ödənmiş olan F-35-lərin verilməsini bəzi şərtlərə bağlama təşəbbüsü də, əslində, bir növ embarqonun faktiki olaraq başlaması mənasına gəlir.
Pompeonun durumu
Yeni Xarici işlər naziri Mayk Pompeo əslində keçmişdə üzvü olduğu Konqresin Türkiyə əleyhinə verəcəyi qərarlara fundamental olaraq qarşı deyil, amma bu addımların xarici siyasətdə ediləcək bəzi strateji həmlələri bu anda baltalaya biləcəyini düşünür. Ancaq Konqresin necə işlədiyini çox yaxşı bilən Pompeonun öz ətrafına xarici siyasəti planlaşdırdığı formada aparmasına Konqresin müdaxiləsinə qarşı nəsə edə bilməyəcəyini də dediyi söylənilir.
Pompeo, Türkiyəyə yönəlik strategiyaları yenidən düşündüyü bu dövrdə Konqresin tətbiq edə biləcəyi bəzi sanksiyaları da strategiya müəyyənetmə hazırlığının ölçülərinə əlavə etməyə məcbur oldu.
Türkiyə tərəfdarları haradadır?
Çox qısa bir müddət öncəsinə qədər Konqresdə, lazım olanda, Türkiyə ilə münasibətlərin yaxşı getməsi üçün səy göstərən və Türkiyəyə simpatiya ilə baxan “Turkish Caucus” adlı bir qrup vardı. Ancaq bu qrup ABŞ-dakı “cangüdən hadisəsi”ndən sonra ortadan yox oldu və bu aralar Konqresdə bir adam belə, Türkiyə lehinə söz demir.
Müvəqqəti silah embarqosu
Sabah saat 10.00-da (Türkiyə saatı ilə bu gün 17.00-da) ABŞ Nümayəndələr Palatası 717 milyard dollarlıq illik müdafiə büdcəsinin xərcləmə maddələrini dəqiqləşdirən mətni açıqlayacaq. Bu büdcəyə bir maddə əlavə edilərək, Türkiyəyə silah satışlarına “müvəqqəti durdurma” gətirilməsinin istəndiyi öyrənildi. Buna (əlavə maddəyə – tərc.) görə, Nümayəndələr Palatasının Müdafiə komissiyası Müdafiə Nazirliyindən Türkiyə haqqında bir raport istəyəcək. Bu raportun hazırlanmasına qədər silah satışlarını müvəqqəti olaraq durdurma qərarı verilə bilər. Raportun nəticəsinə görə də, ya silah satışının qadağan olunması daimi ola bilər, ya da qadağa qaldırılaraq, satışa davam edilə bilər. Türkiyəyə silah satışının durdurulması məsələsini də Müdafiə komissiyasının rəhbəri Mak Tornberrinin açıqlayacağı bildirilir. Nazir Mettis də suallara cavab verəcək.