Avropa İttifaqının müdafiə nazirləri Ukrayna gündəminə dair Brüsseldə toplanır. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell iclasın girişində jurnalistlərə açıqlama verib. Borrell Ukrayna pilotlarının F-16 döyüş təyyarələrini idarə etmək üçün təlimlərə başladığını açıqlayıb. Borrell, “F-16 təlimlərinin nəhayət bir neçə ölkədə pilotlara verilməyə başlamasına sevinirəm. Bu zaman alacaq, amma nə qədər tez o qədər yaxşıdır” dedi.
Pilotların hansı ölkələrdə təlimə başladığı ilə bağlı sualı cavablandıran Borrell “Məsələn, Polşada” deyib. Borrell Avropa Sülh Fondu çərçivəsində Aİ ölkələrinin Ukraynaya 10 milyard avroluq hərbi yardım etdiyini də vurğulayıb.
ABŞ-DAN YAŞIL İŞIQ
Bu arada ABŞ prezidenti Co Bayden Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlərinin Sammitində ABŞ-ın F-16 da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrində ukraynalı pilotlara təlim keçmək üçün birgə səyləri dəstəkləyəcəyini bildirib. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib: “Önümüzdəki aylarda təlimlər davam etdikcə, biz müttəfiqlərimizlə birlikdə nə vaxt, kim tərəfindən və neçə təyyarənin çatdırılacağını müəyyən etmək üçün işləyəcəyik”.