Ukraynadakı müharibədə daha bir jurnalist həyatını itirib. Bildirilib ki, dünən Donetsk vilayətinin Çasiv Yar şəhərində intensiv toqquşmaların yaşandığı Baxmut yaxınlığındakı qəsəbədə Ukrayna əsgərləri ilə işləyən Fransanın AFP xəbər agentliyinə bağlı jurnalistlərə raket zərbələri endirilib. Agentlikdən verilən açıqlamada 32 yaşlı Arman Soldinin raketin yerindən düşməsi nəticəsində dünyasını dəyişdiyi bildirilib. Bölgədəki digər jurnalistlərin də hücumdan sağ-salamat xilas olduqları açıqlanıb.
Fransa prezidenti Emmanuel Makron fransalı jurnalistin qarşıdurmanın ilk günündən həqiqəti üzə çıxarmaq üçün cəsarətlə cəbhə xəttində olduğunu bəyan edərək, “Pərəstişkarlarının və bütün həmkarlarının ağrısını paylaşırıq” deyib. Fransa Milli Assambleyasının deputatları Arman Soldin üçün bir dəqiqəlik sükutla yad ediblər.
AFP-nin baş direktoru Fabrice Fries xəbər agentliyinin Soldinin ölümü ilə sarsıldığını ifadə edərək, bu hadisənin hər gün qarşıdurmaları izləyən jurnalistlərin üzləşdiyi təhlükələri bir daha ortaya qoyduğunu bildirib. Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada “O, həyatını dünyaya həqiqəti söyləməyə həsr edib. Onun xatirəsi və işi yaddaşlarda yaşayacaq” ifadələri yer alıb.
Bosniya və Herseqovina əsilli Arman Soldin, Jurnalistləri Müdafiə Komitəsinin məlumatlarına görə, 2022-ci ilin fevralından bəri Ukraynadakı müharibəni işıqlandırarkən öldürülən 15-ci jurnalistdir.