Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibəsində dəstək axtarmağa davam edir. Dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ərəb Liqası Liderlərinin 32-ci Sammitində iştirak edən Zelenski bu gün G7 Liderlər Zirvəsinin keçirildiyi Yaponiyanın Xirosimaya getdi.
Yaponiya mətbuatında yayılan xəbərlərə görə, Zelenski Fransa təyyarəsi ilə Xirosima hava limanına enib. Yaponiyaya səfərini sosial media hesabında paylaşan Zelenski, “Yaponiya. G7 tərəfdaşları və dostları ilə vacib görüşlər. Ukrayna. Qələbəmiz üçün təhlükəsizlik və gücləndirilmiş əməkdaşlıq. Sülh bu gün daha da yaxınlaşacaq” dedi.
G7 liderlərinin və qrupa daxil olmayan dəvət olunmuş ölkələrin iştirakı ilə keçiriləcək “sülh və sabitlik” mövzusunda sessiyaya qatılacağı gözlənilən Zelenskinin ev sahibi Yaponiyanın baş naziri Fumio Kişida ilə də ikitərəfli görüş keçirəcəyi gözlənilir. .
Bu səfərlə Zelenski 2022-ci ilin fevralında başlayan müharibədən sonra Asiya regionuna ilk səfərini etdi.