Ukrayna ordusu Krım körpüsünə yeni hücuma hazırlaşır.
“AzPolitika” xəbər verir ki, Almaniyanın “Bild” nəşri belə bir məlumatla çıxış edib
Xəbərdə qeyd olunur ki, ötən həftənin sonunda Ukrayna ordusu Krımda Rusiyaya məxsus “Avanqard” və “Konro Treyder” bərələrinə hücum edib. Rusiya mənbələri bu hücumda Qərb silahlarından – “ATACMS” və “Storm Shadow” raketlərindən istifadə edildiyini bildirir. Eyni zamanda, Rusiyanın Krımdakı hava hücumundan müdafiə sistemi növbəti dəfə işinin öhdəsindən gələ bilməyib. Bərələrdən biri batıb, digərininsə gövdəsində böyük dəlik yaranıb.
“Bild”in məşhur analitiki Julian Röpkenin qeyd etdiyi kimi, bu iki böyük bərə uzun illərdir ki, Rusiya ərazisi ilə ilhaq edilmiş yarımada arasında hərəkət edir. 2018-ci ilin oktyabrında Krım körpüsünün açılışı ilə bərələr öz əhəmiyyətini itirmişdi, çünki Rusiya birbaşa dəmir yolu ilə Krıma mal çatdıra bilirdi. Lakin 2022-ci ilin oktyabrında Ukrayna ilk dəfə Krım körpüsünə hücum edəndə hər şey dəyişdi. Güclü partlayış dəmir yoluna ciddi ziyan vurdu və onu bir neçə həftə sıradan çıxardı. Bu zaman sözügedən bərələr yenidən yarımadanın mülki və hərbi mallarla təchizatı üçün vacib oldu: “Bəzi müşahidəçilər hesab edir ki, bərə hücumu Krım körpüsünə gözlənilən yeni hücumun əlaməti ola bilər”.
Yazıda qeyd olunur ki, bütün bunlarla yanaşı, Ukrayna hərbçilərinin Krım körpüsünə nə vaxt və necə hücum edəcəyi aydın deyil.