Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi dayandırılıb. Bunu Avropa Şurasının sammitindən sonra AB liderləri çox aydın şəkildə bəyan ediblər.
Axar.az xəbər verir ki, bu sözləri AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib.
“Mövcud Gürcüstan hökumətinin niyyətləri AB liderləri üçün aydın deyil. “Xarici təsirin şəffaflığı haqqında” qanun açıq-aşkar geriyə addımdır. Təəssüf ki, hazırda Gürcüstanın AB-yə qəbulu prosesi dayandırılıb”, – o deyib.
O qeyd edib ki, AB “Xarici agentlər haqqında” qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub və hökumətə birbaşa yardımı azaltmaq, eyni zamanda, media və mülki qurumlara yardımı artırmaq niyyətindədir:
“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni yaradılmış hökumət nə olursa olsun, yenidən AB-yə inteqrasiya istiqamətində ciddi işə başlayacaq və biz Gürcüstanın gələcək genişlənmənin bir hissəsi olmasını təmin edə biləcəyik”.