Rusiyanın Belqorod vilayətinin qubernatoru deyir ki, Krasnoyaruq rayonunun mülki əhalisi tamamilə köçürülüb. Bu, Ukrayna qüvvələrinin qonşu Kursk vilayətində hücumu davam etdirdiyi bir vaxtda baş verir.
“Azı 11 min nəfər çıxarılıb. Hazırda minədək insan müvəqqəti sığınacaqda qalır”, – qubernatoru Vyaçeslav Qladkov avqustun 13-də səhər “Telegram”-da yazıb.
Rayonun müharibədən öncəki əhalisi 14 min nəfər idi.
Qubernator avqustun 12-də bu rayonun evakuasiya olunduğu bildirib, əraziyə giriş-çıxış bağlanıb. Rayon başçısı Andrey Miksov deyib ki, ərazidə qalan 500 nəfər, əsasən, rəsmilər, fövqəladə xidmət işçiləri, mütəxəssislərdir. Krasnoyaruq qərbdə Ukrayna, şimalda Kursk vilayətinin Belov rayonu ilə həmsərhəddir.
Ukrayna qüvvələrinin avqustun 12-də yaydığı video Kurskun Sudca şəhərinin mərkəzinə yaxın çəkilib. Videonun dəqiq tarixi bəlli olmasa da, Ukrayna əsgərləri orada deyirlər ki, Rusiya qüvvələrinə rast gəlməyiblər.
Rusiya hərbi bloqerləri xəbər verirlər ki, Sudca Ukraynanın nəzarəti altındadır. Sərhəddən 10 km məsafədə yerləşən bu şəhərdə müharibədən öncə azı 5 min nəfər yaşayırdı.