“Şou nümayəndələrinin bəziləri çox gileylənirlər. Dövlət onlar üçün hər cür şərait yaratmışdı. Baxmayaraq ki, hər gün toylara gedirdilər, pul qazanırdılar, amma əksər hallarda vergidən yayınırdılar”. Reportyor.info xəbər verir ki, bu sözləri “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov Yenisabah.az-a açıqlamasında deyib. O əlavə edib ki, bütün bu vergidən yayınma hallarına dövlət göz yumurdu: “Onlara dəymirdi. İndi belə bir vəziyyətdə gəlib gileylənmək düşünürəm ki, naşükürlük olar. Sadəcə pandemiyadan nəticə çıxarmalıdırlar və gələcəkdə gəlirlərini idarə etməyi bacarmalıdırlar. Toylardan yaxşı pul qazanırdılarsa, israf etməməli idilər. Həddən artıq israfçılığa yol verilirdi. Bunu mən demirəm, bizim maqazin verilişləri, xəbər saytları bu barədə yazırdı. Tez-tez qarşımıza çıxırdı ki, filankəs pulunu filan şeyə xərclədi, onu aldı, bunu aldı… Fikrimcə, bu pandemiya hər kəsə dərs oldu. Mən heç kəsə dərs vermək fikrində deyiləm, nə də müəllim kimi görünmək istəyirəm. Əgər bunları deyirəmsə, həmin fikirlər mənim özümə də aiddir. Mən başda olmaqla, hər kəs gəlirinə diqqət etməli, israfçılığa yol verməməlidir. Düşünürəm ki, hər bir vəziyyətdən xeyir güdmək lazımdır, eləcə də pandemiyadan. Bu pandemiya hamımıza bir nəfər kimi dərs olmalıdır”.