“Təhsil İnstitutu tərəfindən tərtib olunan, ehtiyat dərslik adlandırdığımız dərslikləri daha çox bacarıq əsaslı etməyə, biliyin bacarığa çevrilməsini öyrətməyə çalışırıq. Bu proses artıq başlayıb. Lakin burada problem müəllimlərin yeni dərsliklərə, yeni proqrama hazır olması məsələsidir”.
Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, hazırda həm məzmun, həm də müəllimlərlə bağlı paralel proses gedir: “Müəllimlərlə bağlı hissə daha çətindir. İnsanlar 20 il ərzində bir dərsi eyni formada keçməyə öyrəşiblər, yəni gəlib dərsi danışırlar, gedirlər, sonra da gəlib o dərsi soruşurlar. Bu əslində bir az əzbərçiliyə aparır və uşaqlarda bacarıq yaratmağa xidmət etmir. Dərsləri daha çox şagird sualları əsasında təşkil edə bilsək, daha çox şey öyrətmiş olarıq”.
İnstitut direktoru deyib ki, V sinifdə təbiət dərsliyinin kurrikulumlarını bu ilin I rübündə tamamlayacaqlar: “Eyni zamanda, I-XI siniflər üzrə Riyaziyyat dərsliyi Sinqapurun İnstitutu ilə yeniləyirik. Çalışırıq ki, müxtəlif seksiyalar arası əlaqələri, məzmunun bir-birinə uyğunluğu, müxtəlif siniflərdə nədən nə qədər keçirilməlidir, tədricən bu işlər görülür”.
R.Əzizov qeyd edib ki, bu il informatika, tarix, coğrafiya, Azərbaycan dili də daxil olmaqla, ümumilikdə 6 fənn üzrə kurrikulumlar yeniləcək. Təxminən bu il və gələn ilin ortasına qədər bu kurrikulumlar tamamilə yenilənəcək: “Artıq həmin kurrikulumlar əsasında hazırlanan dərsliklər də fərqli olacaq. Həmin dərslikləri düzgün tətbiq etmək üçün müəllimlərin inkişafına ehtiyac var”.