Aylardır mətbuat sözcüsü Rəvanə Əliyevanın vasitəsilə absurd, gülünc və hiddət doğuran açıqlamaları ilə yadda qalan TƏBİB-in fəaliyyəti hüquqi baxımdan qanunsuzdur. Belə ki,”Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) nizamnaməsində qeyd olunur ki, sözügedən “qurum” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. Nəzərinizə çatdırım ki, publik hüquqi şəxs ( İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi) tabeliyində olan başqa bir publik hüquqi şəxs (TƏBİB) yarada bilməz və bilməzdi. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunu buna imkan vermir: Həmin qanundan sitat: Maddə 2. 2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Gördüyünüz kimi publik hüquqi şəxs (TƏBİB) yalnız dövlət və bələdiyyə adından yaradıla bilər. Odur ki, cəmiyyəti absurd açıqlamaları ilə təngə gətirən və yarıtmaz fəaliyyəti ilə yadda qalan TƏBİB-in qanuna zidd fəaliyyət statusu ləğv edilməlidir.
İctimai vəkil Samir Zeynalov