Böyük Britaniyanın “The Financial Times” qəzeti isə Ərdoğanın “Həmas” lideri ilə görüşündən söhbət açır ki, prezident özünü müsəlman dünyasının lideri kimi təqdim edir.
Amerikanın həftəlik “The Time” jurnalı isə yazır ki, Türkiyə və prezident Ərdoğan bütün dünya, o cümlədən ABŞ üçün təhlükədir.
Sitat: “Türkiyəni Osmanlıya çevirmək üçün zorakılıq, senzura və qəzəbli davranış lazımdır. Cənab Ərdoğan da bu kimi davranışları son vaxtlar sıx-sıx nümayiş etdirir”.
Gördüyünüz kimi, Qərb və ABŞ-ın nüfuzlu nəşrləri Türkiyənin Osmanlıya çevrilmə arzusunu dünya üçün təhlükə kimi təşviq edir. Bu təlaş nədəndir? Dünya Türkiyəni az qala özünə niyə düşmən və təhlükə obrazında görür?
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin fikrincə, 2014-cü ildə başlayan Ukrayna böhranından sonra geopolitik qarşıdurma və yeni dünya nizamının quruculuğu həlledici mərhələyə daxil olub.
Partiya sədrinin “Yeni Müsavat”a bildirdiyinə görə, yeni nizam quruculuğu onilliklə davam edir və böyük müharibələrlə müşayiət olunur.
S.Əkbər hesab edir ki, üçüncü dnüya müharibəsindən sonra yeni nizam qurulur, hər dövlət layiqli yer tutmağa çalışır və Türkiyə fürsətdən istifadə etməkdədir: “Türkiyə dünyada layiqli yer tutmaq istəyir. Bu da oyun quran dövlətləri narahat edir.
Türkiyə bu gün elə potensiala malikdir və gücə çevrilib ki, özü oyun qurmağa başlayıb. Bu da dünyadakı oyunçuların, güclərin planlarını pozur.
Türkiyənin mövqeyinin güclənməsi başda ABŞ və Qərbin aparıcı dövlətləri olmaqla, bu qüvvələri narahat edir. Onlar Osmanlının güclü olduğu vaxtları xatırladırlar və dünyada qorxu yaratmağa çalışırlar”.
Ekspert Türkiyənin doğru yolda olduğunu düşünür: “Necə olur ki, Qərb ölkələri yeni dünya nizamı quranda yaxşı olur, Türkiyə güclənəndə pis…
Təbii ki, biz Türkiyənin siyasətini alqışlayırıq, qardaş ölkədir, fürsəti əldən verməməlidir. Azərbaycan da qardaş ölkə ilə birgə fəaliyyət göstərməlidir və heç nədən çəkinməməlidir”.