Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir, reaksiya gözləyir.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
O, Ermənistanın kursu dəyişmək üçün heç nə etmədiyini vurğulayıb.
“Amma bir fakt var ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər belədirsə, o zaman KTMT bu barədə İrəvana məlumat verməlidir ki, başqa mexanizmlər tapılsın. Mən gözləyirəm ki, bizim KTMT-dən olan həmkarlarımız və əsas müttəfiqimiz erməni maraqları xəttinin tükəndiyini dərk edir və Ermənistanın artıq geri addım atmaq imkanı yoxdur. Biz Ermənistanın maraqlarını qorumaq üçün hər şeyi edəcəyik”, – Simonyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan təşkilatın reaksiyasını gözləyir, indiki mərhələdə bu, siyasi reaksiyadır.
“Gələcəkdə KTMT-nin regiondan çəkilmək qərarına gəldiyi ortaya çıxsa, o zaman faktla üzləşə bilərik. Amma Ermənistan hakimiyyəti bu gün belə bir məsələni müzakirə etmir. Biz hərəkət gözləyirik, reaksiya gözləyirik. Vəziyyət onu göstərir ki, qərar qəbul etməyimizə çox az vaxt qalıb”, – Simonyan qeyd edib.