Türkiyədə məşhur bəstəkar və müğənni Sezen Aksunun villasına basqın edən azərbaycanlı qadın ölkədən deportasiya edilib.
Qaynarinfo-nun məlumatına görə, Sezan Aksununun Beykoz Kanlıcada yerləşən malikanəsinə girməyə cəhd edən Lale Arif M. adlı azərbaycanlı fanatı ölkədən çıxarılıb.
Qeyd edək ki, ötən ilin oktyabrın 23-də Lale Arif M. adlı qadın saat 02:00 radələrində Sezen Aksunun malikanəsinin zəngini basıb. Qapıdakı mühafizəçilər onun içəri girməsinə mane olmağa çalışıblar. Lakin qadın mühafizəçilərə müqavimət göstərib və içəri girib. Bundan sonra hadisə yerinə polis çağırılıb. Polis Lale Arif M.-ni nəzarətə götürüb.
Məlum olub ki, icraat üçün polis bölməsinə aparılan Lale Arif M. daha əvvəl də Sezen Aksunun qapısında dayanıb. Lalə Arif M. barəsində “insanların asayişini pozmaq, təhdid etmək, təhqir etmək” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə qarşısına çıxarılan qadın deportasiya edildiyi öyrənilib.
Digər tərəfdən qadının qapıya söykəndiyi anlar təhlükəsizlik kamerasına əks olunub. Görüntülərdə Lalə Arif M.-nin mühafizəçilərə baxmayaraq qapıda dəqiqələrlə gözlədiyi və içəri girməyə çalışdığı görülüb.