“Seçicilər seçki məntəqələrindən Dairə Seçki Komissiyasına (DSK) şikayət edibsə, DSK 24 saat ərzində bu şikayətə baxmalı, həll etməlidir”.
Reportyor.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Ənvər Əliyev söyləyib. O, qeyd edib ki, seçicinin şikayəti adi, inzibati qaydada da həll edilə bilər:
“Seçki günü bütün seçki məntəqələrinin yaxınlığında polislər olur və onlar bununla bağlı müraciətləri inzibati qaydada həll edirlər.
Təbliğat-təşviqat kampaniyası da daxil olmaqla, ümumilikdə seçki prosesində məntəqə ərazisində pozuntu baş veribsə, seçici Dairə Seçki Komissiyasına müraciət etməlidir. Əgər dairə heç bir tədbir görmürsə, Mərkəzi Seçki Komissiyasına müraciət olunmalıdır. Əgər MSK da buna baxmırsa, Apellyasiya Məhkəməsinə müraciət edilə bilər”.
Qeyd edək ki, Seçki Məcəlləsinə görə, vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.