Vətən müharibəsinin iştirakçısı, Füzulinun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirmiş 19 yaşlı qazi Həsənov Murad Teyyub oğluna verilən əlillik statusu ailəsini şoka salıb.
Reportyor.info xəbər verir ki, Neftçala rayonundan həqiqi hərbi xidmətə çağrılmış M.Həsənovun atası Teyyub Həsənov narazılığını bildirib. Onun sözlərinə görə, oğlu Muradın telefonuna mesaj gəlib, ona III qrup əlillik statusu verildiyi qeyd olunub.
“Necə olur ki, ayağını itirməyənlər, ayağından iki qəlpə yarası alana II qrup əlililk verilir, amma Murad bir ayağını itirdiyi halda ona 3-cü qrup əlilik təyin olunub?” – qazinin ailəsi sual edir.
Həsənovlar bu məsələ ilə bağlı aidiyyatı qurumlardan məsələni yenidən araşdırıb köməklik göstərməsini xahiş edir: “Oğlum bu xəbəri eşitdi, çox pis oldu. Hirsindən əli-ayağı əsirdi, ölkə başçısına, aidiyyatı qurumlara səslənirəm – bizə yardımçı olun” – deyə qazimizin atası bildirib.