Müsavat Partiyasının başqanı Arif Hacılı müxalifətin dəyirmi masasını təklif edib. A.Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.
“Çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”, – deyə Müsavat başqanı söyləyib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə dəyirmi masanın müxalifət və ölkə üçün hansı perspektiv vəd etdiyi barədə danışdıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik.
– Sərdar bəy, Arif Hacılı sizi niyə dəvət etməyib?
– Bu, həmişə olduğu kimi, AXCP və Müsavatın növbəti oyunudur. Əvvəlcə birləşsinlər, sonra ayrılsınlar, cəmiyyətdə bir süstlük yaransın. Əslində Müsavat qısqanclıq edir. Son zamanlarda Əli Kərimlinin irəlidə olmasına görə partiya imicini qaldırmaq üçün bu addımı atır. Amma sonda yenə ənənəvi ayrılıq olacaq, qarşılıqlı ittihamlar, bir-birini günahkar çıxarmalar başlayacaq. Ona görə cəmiyyətdə təzədən ümidsizlik yaradılacaq.
– Sizcə, bu müzakirəyə zərurət yoxdur?
– Sağlam məntiqlə müzakirə aparmaq lazımdır. Mən də fikir mübadiləsi aparmağın, çıxış yollarını göstərməyin tərəfdarıyam. Amma kritik məqamda Müsavatla AXCP-nin yenə yolları ayrılacaq. Çox təəssüf ki, bu iki partiya arasında illərə söykənən intriqalar sağlam müzakirə açmağa, normal ideya, təşəbbüs irəli sürməyə imkan vermir. Ona görə ki, sən çıxışında rasional bir fikir səsləndirirsən, sağlam təkliflə irəli çıxırsan, onlar səni satqın, hökumətə işləyən çıxarırlar. O saat həmin fikri deyən adamın hakimiyyətlə əlaqələri olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.