Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.
Paytaxtda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, hazırda dünya bazarında şəkərin qiymətində kəskin bahalaşma müşahidə olunur:
“Dünyada şəkərin bahalaşmasının, təbii ki, Azərbaycana da böyük təsiri var. Çünki ölkəmizdə də daxili tələbatın ödənilməsində xaricdən gətirilən şəkərin payı yüksəkdir. Yerli istehsalımız yerli tələbatı ödəmək qabiliyyətinə malik olmadığı üçün ölkəyə şəkər tozunun böyük əksəriyyəti xaricdən gətirilir, burada qablaşdırılır və əmtəə bazarına çıxarılır. Biz şəkəri əsasən Ukraynadan alırdıq. Məlum müharibə səbəbindən Ukraynadan ölkəyə xammal gətirilməsi dayandırılıb. Rusiyadan da şəkər tozu alınırdı. Lakin orada da müxtəlif problemlər yaşanır. Bu səbəbdən də bazarda şəkər tozunun qiymtində artım müşahidə olunur”.
Natiq Cəfərlinin dediyinə görə, daxili bazarda sabitliyin yaranması və şəkər tozunun qiymətinin yüksəlməsinin qarşısını almaq üçün yerli istehsalı artırmaq lazımdır, tək çıxış yolu budur: “Bu sahəyə yenidən investisiya qoyulmalı, yerli istehsalın artırılması ilə bağlı hökümətin qarşıya qoyduğu planlar yerinə yetirilməlidir. Daxili tələbatı ödəmək üçün İmişli Şəkər Zavodunun potensialından istifadə olunmalıdır. Bahalaşmanın qarşısını ancaq yerli istehsalla almaq mümkündür. Əks təqdirdə şəkər tozunun qiyməti günü-gündən qalxacaq”.