Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında, Voronej şəhərində səhər saatlarında pilotsuz təyyarə mənzilə düşüb. Zərbənin təsirindən binada yanğın başlayıb, hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları göndərilib.
Qısa müdaxilədən sonra yanğının söndürüldüyü hadisədə 3 nəfər yüngül xəsarət alıb. Voronej qubernatoru Aleksandr Qusev sosial media hesabından verdiyi açıqlamada şüşə sınması nəticəsində yaralananların xəstəxanalarda müalicə olunduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov da hadisə ilə bağlı açıqlamasında Ukraynanı ittiham edib. “Kiyev rejimi mülki obyektlərə və insanların yaşadığı binalara hücumlarını davam etdirir. Amma biz də döyüşü və xüsusi hərbi əməliyyatı davam etdiririk”, – Peskov bildirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma başladığını açıqlayarkən, bina və ətrafdan pilotsuz təyyarələrin hissələrinin toplanaraq araşdırmaya başlanıldığı öyrənilib.