Ruanda və Uqandada yağan leysan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Yerli mənbələrdən verilən açıqlamada Ruandada 109 nəfərin öldüyü bildirilib. Qərb əyalətinin qubernatoru Fransua Habitegeko verdiyi açıqlamada dünən yerli vaxtla saat 18:00-da başlayan yağışların Sebeya çayının daşmasına səbəb olduğunu bildirib.
Habitegeko, hazırda prioritetlərinin hər bir zədələnmiş evə çatmaq və qapalı qalanları xilas etmək olduğunu bildirdi. Xilas edilənlərin xəstəxanaya aparıldığını bildirən Habiteqeko yaralıların sayı ilə bağlı açıqlama verməyib.
Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamada, Uqandanın Ruanda sərhədindəki Kisoro qəsəbəsində bu gün təsirli olan leysan yağışların səbəb olduğu sel fəlakətində 6 nəfərin həyatını itirdiyi bildirilib.
Mart ayından bəri yağan leysan yağışların təsiri altında olan Uqandada sel və torpaq sürüşmələrinin yaratdığı dağıntılar nəticəsində yüzlərlə insan evsiz qalıb.