Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva 11 aprel prezident seçkilərində İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə universitetdə qonaqlıq verir.
“AzPolitika.info”ya BSU-dakı mənbələrdən verilən məlumata görə, bu gün saat 18:00-a planlaşdırılan ziyafətdə təxminən 150 qonağın, o cümlədən xarici diplomatların iştirak edəcəyi gözlənilir.
“Günortadan tələbələri evə buraxıblar. Bir neçə saatdır universitetə qab-qacaq, yemək-içmək daşıyırlar” – mənbə bildirib.
Maraqlıdır, Bakıda bu qədər ziyafət zalları, restoranlar ola-ola xanım rektor aş qonaqlığını niyə universitetdə verir?
Digər tərəfdən, bu, mahiyyətcə siyasi tədbir olduğuna görə “Təhsil Haqqında” Qanunun kobud şəkildə pozulmasıdır. Bu qanun təhsil müəssisələrində siyasi partiyaların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol vermir.