Əslində, nə istədiyini bilməyən adamlar var ki, hər bir addıma “qulp” qoymağa hazır dayanıblar. Çimərliklərin açılmasında məqsəd ondan ibarətdir ki, insanlar təmiz havaya çıxsınlar, psixoloji vəziyyətlərini reabilitasiya etsinlər.
Ancaq bu qərarı bəyənməyib, ağız büzüb yazırlar ki, çimərlik yox, bölgələrə gediş-gəliş açılmalıydı. Hər halda Nazirlər Kabineti də bunu arzulayır.
Heç kəsə rayona gediş-gəliş qadağası qoymaq xoş deyil. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov da bildirmişdi ki, hamı rayona gedib – gəlməyi istəyir.
Ancaq məhdudiyyətləri birdən-birə aradan qaldıranda vəziyyət pisləşir, yoluxma, ölüm sayı artır. Biz bunu mayda gördük.
Reportyor.info musavat.com-a istinadən xəbər verir ki, deputat Razi Nurullayev bildirib ki, insanlar sosial cəhətdən gərgindirlər və psixoloji baxımdan yorğundurlar:
“Ona görə bəzi adamların bu cür fikir bildirməsini başa düşmək olar. Amma tək-tək adamlar belə düşüncədədir, kütləvi şəkildə bu mövqedən çıxış etmirlər. Təbii ki, dənizə də gedəcəklər, çiməcəklər. Amma təkcə çimərliklə məsələ həll olunmur, iqtisadiyyat dayanıb. Bu problemlər də aradan qalxmalıdır”.
Deputat hesab edir ki, naşükür insanlar, narazılığını ifrat dərəcədə ifadə edənlər ola bilər: “İstəməzdim ki, hər şeyə ancaq qara rəngdə baxsınlar.
Amma hesab etmirəm ki, bu cür fikirləşənlər də çoxdur. Sadəcə, bir neçə adam var ki, istər yaxşı, istər pis addım olsun, hər şeyə “mız” qoyurlar”.