Deputat Razi Nurullayev Milli Məclisdə bələdiyyələrin tənqidi üzərində qurulmuş çıxış edib.. O, əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik fəaliyyətinə dair hesabatla bağlı fikirlərini bölüşüb: “Birincisi, bələdiyyələr haqqında xeyli qanunlar var ki, həqiqətən çaşqınlıq yaradır.
Bələdiyyəyə aid qanunları öyrənmək üçün gərək kitabxanadan onlarla kitab alasan. “Bələdiyyələrin statusu haqqında”, “bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında” və s. Təklifim budur ki, bu qanunların hamısı bir qanunda Bələdiyyələr haqqında qanun-da birləşdirilsin və fəsillərə bölünsün. O qədər qanunlar qəbul edilir, nə xeyri var ki, kağız-kuğuz işi çoxalıb, amma nəticə ki, dəyişmir”.
Deputat bildirdi ki, nümunəvi bələdiyyələr çox azdır: “İş görmək, pul qazanmaq, problemləri həll etmək üçün resursları da yoxdur. Onun üçün də bələdiyyələrə kömək edək ki, hər bir bələdiyyənin yerli resurslarına uyğun pilot layihəsi olsun. O layihəni həyata keçirmək üçün onlara dövlət tərəfindən illik 2-3%-lik kredit də verilsin ki, iş qurub pul qazansınlar, vətəndaşları da razı salsınlar. Kənd yerlərində mal-qara var, kiçik sexlərdə süd məhsulları, yem istehsalı mümkündür, bitkiçiliklə, əkinçiliklə, arıçılıqla, meyvəçiliklə, gülçülüklə məşğul olsunlar. Yoxsa, qəpik-quruşa yerləri icarəyə verib başlarını atıb yatırlar. Özləri öz resurslarını kapitala çevirməyi öyrənsinlər və bunun üçün onlara kömək etmək lazımdır. Öyrədək, deməyək get elə, edə bilmir də. Çünki, ora seçilənlərin çoxu təsərrüfatçıdan daha çox siyasi düşüncəlidir. Pozuntulara səbəblərdən biri kimi hesabatda bələdiyyə üzvlərinin passivliyi göstərilir. Passivliyin əsası seçkilərdə qoyulub. Vəzifəli şəxslər, yerli hakimiyyətlər öz adamlarını yerləşdirir. Orada fərqli fikir yoxdur. Niyə mənim bir nümayəndəm bələdiyyədə yoxdur. Mən bu qədər hörmətsiz, xalqın sevmədiyi qüvvə oldum ki, 10 milyonluq Azərbaycanda bir bələdiyyə seçdirə bilmədim? Nə qədər ki, biabırçı, qeyri-şəffaf və yerli səviyyədə əvvəlcədən müəyyən edilmiş siyahılar üzrə nəticə olacaq, o fəallıq olmayacaq”. R.Nurullayev qeyd etdi ki, bələdiyyə sədrlərinin rüşvət müqabilində sədr təyin edilməsi halları kütləvi olub: “Rayon yerlərində 2 min manatdan 80 min manata, böyük şəhərlərdə yarım milyona qədər gəlib çatıb. Hansı fəallıqdan və şəffaflıqdan danışırıq? O boyda rüşvət verən bələdiyyə sədri necə işləyə bilər? O gərək, birinci verdiyi pulu qaytarsın, sonra da seçiciləri barədə düşünsün. Hesabat normaldır, mütailə və statistika üçün yaxşıdır. Bəs nəticə? Verdiyim təkliflərə ciddi yanaşılmasını rica edirəm. 20 ildir bələdiyyə institutu yaradılıb, hələ də bir çox bələdiyyələrin əllərindən tutub əlifba öyrədirik. Günah isə onlarda deyil”.