“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin deputatları məhkəməyə verməsi ilə bağlı xəbər yayıldı. Doğrusu, təəccübləndim. Milli Məclisin deputatını məhkəməyə vermək olmaz. Bu, qanunda da əksini tapıb. Azərbaycanın Konstitusiyasının 90-cı maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı) I bəndinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Bunu Ramiz Mehdiyev də yaxşı bilir”.
Reportyor.info xəbər verir ki, bu açıqlamanı Pravda.az-a Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev verib.