Sabiq müdafiə naziri Rəhim Qazıyev ermənilərin Tovuz istiqamətində atəşkəsi pozması və təxribatları zamanı özünü ifşa edən çağırışına görə həbs olunub. R.Qazıyev Tovuz ərazisində döyüşlərin getdiyi bir vaxtda yalan məlumatlar yaydığı üçün barəsində cinayət işi başlanıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanan keçmiş nazir dövlət əleyhinə açıq çağırışlarda və təxribatda təqsirli bilinir.
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə musavat.com-a bildirib ki, R.Qazıyevin çağırışına münasibəti birmənalı olaraq mənfidir. Onun sözlərinə görə, keçmiş nazir xalq hərəkatı dövründə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin təsiri altına düşüb və bu günə kimi agent olaraq onların tapşırıqları yerinə yetirir.
Deputat hesab edir ki, keçmiş baş nazir Surət Hüseynovun qəfil peyda olması, müsahibə verməsi, o dövrlə bağlı mübahisəli fikirlər səsləndirməsi, ardınca ermənilərin Tovuz istiqamətindən hücuma keçməsi və daha sonra Rəhim Qazıyevin Silahlı Qüvvələrin ünvanına böhtan atması təsadüfi deyil:
“Rəhim Qazıyev həmin çağırışı ilə cəmiyyətdə Müdafiə Nazirliyinə, orduya etimadı məhv etməyə çalışır. Onun tutduğu mövqe xalqın, dövlətin maraqlarına zidd, xəyanət xarakterli yanaşmadır.
Bayaq söylədiyim kimi, Rəhim Qazıyev Rusiyanın Baş Dövlət Kəşfiyyat İdarəsinin agentidir, Şuşanın verilməsindən tutmuş indiyə qədər ”xidmət”ləri olub”.
F.Ağamalının sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca ölkəyə qarşı müxtəlif istiqamətlərdən hücumlar var:
“Bir tərəfdən hakimiyyətdən uzaqlaşan adamlar ölkədə Prezident tərəfindən həyata keçirilən siyasi-iqtisadi islahatlara mane olurlar, digər tərəfdən Rusiyanın agentura şəbəkəsində yer alan rəhim qazıyevlər dayanıblar.
Ona görə son dərəcə ayıq-sayıq olmalıyıq, dövlətimiz əleyhinə fəallaşan məkrli qüvvələrə qarşı həmrəylik nümayiş etdirməliyik”.
Deputat hesab edir ki, R.Qazıyev atdığı addımlarla Cinayət Məcəlləsinin müvafiq maddələrini pozduğu üçün dindirilməlidir, cinayət işi başlanmalı və yekunlaşmalıdır:
“Onun atdığı bu addımlar stimullaşmamalıdır. Çünki qanqal qohumları arta bilər. Cinayətə yol veribsə, cəzasını almalıdır. Bu başqa məsələdir ki, barəsində məhkəmə hökmü olduqdan sonra Prezident tərəfindən fv edilə bilər”.