İngiltərədə mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri, Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü Qurban Məmmədov “Yeni Müsavat”a müsahibə verib. Reportyor.info təqdim edir:
– Qurban bəy, son dövrlər fəaliyyətinizdə o qədər aktivlik yoxdur…
– Mən belə düşünmürəm. Son il yarım ərzində fəaliyyətim kifayət qədər fəaldır, qənaətbəxşdir, sosial şəbəkələrdə aktivəm, fikirlərimi bölüşürəm.
– AXH-nin indiki vəziyyətini, fəaliyyətini necə dəyərləndirirsiniz?
– Hesab edirəm ki, ölkədəki mövcud şərtlər altında Azərbaycan Xalq Hərəkatının fəaliyyəti müsbət qiymətləndirilməlidir.
– Son iki həftədir ən çox Almaniyada “mühacir biznesi” qalmaqalı müzakirə edilir. Sizin mövqeyiniz nədən ibarətdir?
– Mən hesab edirəm ki, Azərbaycanın Baş Prokurorluğu faktlar əsasında cinayət işi başlamalıdır. Mühacir alveri məsələsi ilə bağlı Müsavat, AXCP və eləcə də ADP rəhbərliyi məsuliyyətə cəlb olunmalıdırlar. Bütün bu deyilənlər real faktlardır.
Bundan bir müddət qabaq efirdə özüm də “mühacir biznesi” haqda danışmışam, belə hallar olduğunu, saxta yolla sığınacaq alanların olduğunu bildirmişəm. Mənə ayrı-ayrı vaxtlarda saxta mühacirlərlə bağlı məlumatlar daxil olub.
– Sizcə, bu hadisələr Azərbaycanı Avropada gözdən salırmı?
– Azərbaycanın gözdən salınması ifadəsi yerinə düşmür. Söhbət saxtakarlıqdan gedir. Bir azdan görəcəksiniz ki, Almaniyadakı əməliyyatları Fransada, Hollandiyada da başlayacaqlar.
Arif Hacılı çoxdan istefa verməli idi və bu işlərlə əlaqədar cinayət işi başlamalıydı. Amma görək Azərbaycanda Arif Hacılı, Əli Kərimli barəsində cinayət işi başlanacaqmı?
– Yəni hesab edirsiniz ki, Almaniyadan Fransa, Hollandiyaya qədər mühacir alveri şəbəkəsi genişlənib?
– Burada söhbət şəbəkədən getmir. Sadəcə, Almaniya Müsavat Partiyasına verilib, Fransa və Hollandiya isə AXCP-yə… Hətta bəz QHT-lər bu işlərlə məşğuldur.
– Sizin olduğunuz ölkəyə də mühacir alveri gəlib çatıbmı?
– İngiltərədə də 100 faiz var. Məsələn, bir dəfə Qurban Məmmədov adlı adam mənim adımdan sığınacaq istəmişdi.
Ümumiyyətlə, Azərbaycandan Avropaya 800 minə qədər miqrantın getdiyi deyilir. Onlar guya siyasi mühacirdirlər, hansısa təzyiqlərlə üzləşiblər. Əgər ölkədə 800 min mühacir olubsa, Azərbaycan belə vəziyyətdə ola bilməzdi. Deməli, həmin adamlar saxta yolla gəliblər. Hətta deyim ki, özlərini erməni kimi təqdim edənlər var. Bəzi QHT-lər və diplomatik korpusların nümayəndələri təqdimatlar veriblər ki, guya Azərbaycanda yaşayan ermənilərdir, onlara ölkədə təzyiqlər olub, buna görə gəliblər.
– Qurban bəy, son sualımdır, jurnalist Cavanşir Həsənli oğlunuzun İngiltərədə şirkət açdığını xəbər vermişdi. Doğrudurmu?
– Bəli, doğrudur. Oğlum Qoşqar Məmmədov kompüter təmiri ilə məşğuldur və bu sahə üzrə firma açıb. O, şirkəti hələ 2004-cü ildən qeydiyyatdan keçirib. Bu elə də çətin bir iş deyil. Azərbaycanda olanda mən onlarla şirkət açmışam, İngiltərədə isə gündə 100 şirkət aça bilərəm…