Qubadlı rayonu Tinli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Corat bağları Göygöl küçəsi, ev 102 ünvanında məskunlaşmış Əliyev Əlövsət Mikayıl oğlu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müraciət edib. Reportyor.info müraciəti olduğu kimi təqdim edir:
Oğlum Əliyev Babək 1989-cu ildə Qubadlı rayonu Tinli kəndində anadan olub.1996-2007-ci illdərdə Sumqayıt şəhər, 39 saylı tam orta məktəbində təhsil alıb, 11-ci sinifini bitirib. 2008-2014-cü illərdə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində ali təhsil alaraq, Jurnalistika ixtisasına yiyələnib. 2014-2015-ci illərdə hərbi xidmətdə olub.2016-cı ildə ailə həyatı qurub. İki övladı var.
2019-cu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə gizir hərbi rütbəsində xidmətə qəbul olub. Xidmət etdiyi müddət ərzində, dünyada və Azərbaycanda yayılan korona virus pandemiyasına qarşı həmçinin ikinci Qarabağ müharibəsi zamanı üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirib, komandir heyəti tərəfindən təşəkkür alıb.
Sizə müraciətimin səbəbi 2021-ci il aprel ayının 15-də Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalında baş verən korrupsiya faktları ilə bağlı baş həkim və onun köməkçilərinin barəsində başlanmış cinayət işi ilə əlaqədardır. Belə ki, oğlum 20.04.2021-ci tarixdə Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə həmin cinayət işinin istintaqı ilə bağlı çağrılıb. Buna səbəb həbs edilənlərdən biri ilə, yəni həmin hospitalda qeydiyyatçı vəzifəsində işləyən İmanlı Taleh Mövlamverdi oğlu ilə qohumluq əlaqəsinin olması idi.
Hər ikisi eyni qrumda işləyirdi. Oğlum hərbi qulluqçu kimi, o, isə həmin hospitalda inzibati heyətdə qeydiyyatçı vəzifəsində xidmət etmişdir.İstintaqa çağrılan zaman müstəntiqlər ifadəsini almış, rəhbər heyət onu şifahi dindirmişlər.İfadəsini verdikdən sonra sərbəst buraxılıb və barəsində heç bir hüquqi tədbir tədbiq edilməmiş, ittihamedici qərar qəbul olunmamışdır.
Lakin bir gün sonra xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin 9982 saylı hərbi hissəsinin komandiri polkovnik Rəşad Vəzirov oğlumu əsassız şəkildə təqsirləndirilən şəxslə cinayət ortağı kimi günahlandırıb, ittiham etmiş və ona şər-böhtan ataraq əsassız sözlər bildirmişdir.
Oğlum hərbi hissə komandiri polkovnik Rəşad Vəzirova istintaqın nəticəsini gözləməyini və barəsində prokurorluğun çıxaracağı ittihamın nəticəsinə uyğun işdən azad edilməyisini bildirsə də o, heç bir əhəmiyyət verməyərək, öz xidməti otağında daxili rabitə vasitəsini gətirib mənə göstərərək, “Dövlət Təhlükəsizliyi Xidməti və hərbi prokurorluq səni axtarır ərizəni yaz könüllü olaraq xidmətdən çıx yoxsa bunun aqibəti çox pis olacaq” sözlərini bildirmişdir. Oğlum bu vəziyyətdən çox pis qorxu, həyəcan keçirərək ərizəsini yazıb işdən ayrılıb.Ərizəsini yazdıqdan 4 iş günü keçdikdən sonra müvafiq əmrə əsasən xidmət rəisi onu xidmətdən azad etdi.
Bu hadisədən bir neçə gün sonra oğlumla birlikdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə könüllü olaraq yaxışlaşıb, işdən hədə-qorxu vasitəsilə azad olunmasıilə bağlı məlumat vermişik.Müstəntiq oğlumun işdən azad olunması barədə məlumatının olduğunu, bu barədə rəhbər heyətə meruzə edəcəyini və ona köməklik göstərəcəklərini bildirmişdir.
Bir neçə gündən sonra yenidən oğlum Əliyev Babək ilə birlikdə xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi cənab general-leytenant Şahmar Ənvər oğlu Paşayevin qəbuluna getdik.Xidmət rəisinin müavini cənab general-mayor Məhərrəm Həsənov məni qəbul edib, müraciətini dinləyərək, istintaq yekunlaşdıqdan, barəsində heç bir ittiham hökmü çıxmayacağı təqdirdə köməklik göstərib xidmətə bərpa edəcəklərini bildirmişdir.
Hazırda oğlumun barəsində heç bir ittiham hökmü çıxarılmamışdır.Həmin müddətdən bir il keçməsinə, baş vermiş cinayət hadisəsi ilə heç bir bağlılığının olmamasına baxmayaraq oğlumu xidmətə bərpa etmirlər, yenidən müraciətimə baxmırlar məni qəbul etmirlər. Oğlumun öz ərizəsilə xidmətdən xaric olunmasına baxmayaraq, hərbi xidmət keçmə haqqında Nizamnamənin 156-cı maddəsinin E bəndinə əsasən hərbi xidmətdə xidmətə uyğunsuzluq kimi xaric olunduğundan, heç bir hərbi birləşmələrə xidmətə qəbul olunmamağı ona ciddi problemlər yaradır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum ailəlidir, iki övladı var, onların ehtiyaclarını qarşılaya bilmirik.Müxtəlif banklar qarşısında kredit öhdəliyimiz var.Bank məskunlaşdığımız evimizi girov kimi götürmüş, arvadım şəkərli diabetdən əziyyət çəkir, ikinci qrup əlildir, təqaüdçüdür, baş vermiş bu problemlərlə bağlı səhhətində ciddi problemlər yaranmış, qorxu və həyəcandan infarkt keçirərək üzərində kardioloji əməliyyat aparılmış, ürək damarlarına stend yerləşdirilmişdir.
Gəlinim Əhmədova Ləman Xanlar qızı onkoloji xəstəlikdən əziyyət çəkir, müalicəsin davam etdirə bilmirik, ailəmizdə oğlumdan başqa heç kim işləmirdi.Gəlirimiz yalnız oğlumun əmək haqqısı və dövlətimizin məcburi köçkünlərə ayırdığı maddi yardımdan ibarət olmuş, ailəmizin yükü oğlumun üzərinə düşmüşdür.
Hörmətli cənab nazir.
Göstərilənləri nəzərə alaraq, oğlumun xidmətə bərpa olunmağını və Azərbaycan Respublikasına xidmətini davam etdirməsi üçün köməklik göstərməyinizi Sizdən çox xahiş edirəm.