Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Quba şəhər peşə liseyində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon gənclər idarəsinin və rayon mərkəzi xəstəxanasının nümayəndələri, eləcə də liseyin pedaqoji heyəti, tələbələri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin cari il ərzində rayon polis şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov “ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.