Azərbaycanda məktəb direktorları arasında elə odioz fiqurlar var ki, imkanları olsa, özlərini qanqster Hacı Məmmədov, mafioz Akif Çovdarov kimi apararlar. Onların səlahiyyətləri “Təhsil haqqında qanun”da öz əksini tapsa da, bəziləri özünü məktəb direktoru, pedaqoq yox, banda başçısı kimi hiss edir. Oxucular da təsdiqləyərlər ki, belələri qarşımıza az çıxmayıb: yekəxanalıq, müştəbehlik, atamanlıq, kollektivə hökm etmək, müəllimlərə qul, şagirdlərin valideynlərinə kassa kimi baxmaq…Bu göstəriciləri və xüsusiyyətləri bir çox məktəb direktorlarına görmək olar. Baxmayaraq ki, ölkədə bir neçə dəfə təhsil naziri dəyişib, nazirliyin adının üstünə elm sözü də gəlib, lakin mahiyyət dəyişməyib. Yəni həmin sistem, qaydalar davam edir və bəzi məktəb direktorları da himayədarlarına güvənib hegemonluq edirlər. Çünki əksəriyyətinin arxasında güc dayanır və buna arxayınlaşıb qarşısındakı insana meydan oxuyurlar. Elə bunun nəticəsidir ki, Vətən Müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilmişdi. Doğrudur, sonra Bakı şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktoruna töhmət verilmişdi. Lakin bu da formal xarakter daşıyırdı və qazi polkovniki sakitləşdirmək, vəziyyəti gərginləşdirməmək üçün atılan addım idi. Əslində baş verən hadisə S.Hüseynovanın içini, mahiyyətini üzə çıxarmışdı. Əgər özünü məktəb direktoru hesab edən şəxs qaziyə, onun övladına belə rəftar edirsə, “Şou göstərməyin” deyirsə, görün sadə insanlara necə yanaşır. Halbuki məktəb direktoru “şou” göstərib pul qazananda, o qazi torpaqları azad etmək üçün ailəsini, övladını qoyub səngərdə, od-alovun içində döyüşürdü ki, S.Hüseynova kimi insanlar rahat, təhlükəsiz yaşasın, isti kabinetində əmrlər versin.
Reportyor.info məlumat verir ki, qazi ilə bağlı hadisədən bir müddət sonra S.Hüseynova adı daha çox hallanmasın deyə 278 saylı məktəbə direktor təyin olunub. Burada iki məqsəd var – 227 saylı məktəbdə qalmaqallı proseslərin təkrarlanmaması və 278 saylı məktəbdə işini davam etdirməklə diqqətdən yayındırmaq… Görünür ki, ona himayəçilik edən qüvvə də vəziyyəti dərk edibmiş. Anlayıb ki, onu bu şəkildə qorumaq çətin olacaq və beləliklə yerini dəyişmək qərarı verilib. Amma 278 saylı məktəbin direktoru olduğu vaxtdan S.Hüseynova burada da özünü yaxşı tərəfdən göstərə bilmir. İddialara görə, gəldiyi gündən məktəb direktoru əmrlər verir, aidiyyatı olmayan məsələlər tapşırır, səlahiyyətlərini aşır. Bu səbəbdən onun 278 saylı məktəbə direktor təyinatı o dərəcədə xoş qarşılanmayıb. Onun 227 saylı məktəbdəki əməlləri, qazi polkovnikə rəftarı müzakirə edilərək qeyd olunur ki, görün burada sadə vətəndaşlarla necə davranacaq. O zaman bu məsələni deputat Etibar Əliyev də gündəmə gətirmişdi. İndisə 278 saylı məktəbdə fəaliyyəti həm kollektiv, həm valideynlərdə narahatlıq doğurur. Buna səbəb də yaşanmış hadisədir. S.Hüseynova 227-də reputasiyası zədələndiyi üçün o məktəbdən getməklə unudulacağını zənn edib, amma 278-ə direktor gələndə hər kəs onun barəsində məlumatlıydı. O baxımdan onun fəaliyyəti bu dəqiqə diqqətlə izlənilir və hər hansı bir hadisə baş verəcəyi təqdirdə, reaksiya doğuracağı şübhə yaratmır…