Dövlət satınalmalarında şübhəli məqamlara daha çox yerli icra hakimiyyətlərinin elan etdiyi tenderlərdə rast gəlinir. Reportyor.info xəbər verir ki, yerli icra hakimiyyətlərinin həyata keçirdiyi dövlət satınalmalarında əsasən nizamnamə kapitalı 10 AZN olan, tanınmayan şirkətlərlə müqavilə bağlanır. Məsələn, Qazax Rayonu İcra Hakimiyyəti başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi kotirovka soruğusu üsulu ilə elektrik materiallarının alınması üçün “Lələ” MMC ilə müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 39 470 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Lələ” MMC 2 noyabr 2016-cı il tarixdə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı isə Qazax rayonu, Çaylı kəndidir. MMC-nin qanuni təmsilçisi Eyvazov Rasim Hətəməli oğludur.
Bu şirkət haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Baxmayaraq ki, MMC 4 ildən artıqdır fəaliyyət göstərir. Bəzi məlumatlara görə, şirkət əslində Qazaxdakı yerli məmurlardan birinə məxsusdur. Rasim Eyvazovun qanuni təmsilçi kimi statusu isə formal xarakter daşıyır.
Göründüyü kimi bu şirkətin də nizamnamə kapitalı 10 AZN-dir. Belə bir şirkətə sifariş verilməsi maraqlıdır. Elektrik materiallarına 40 min manat ödənilməsi isə ayrı mövzudur.
Gülay