“Nə “Qarabağ”… Hazırda bütün diqqətimizi cümə günü “Polister”lə keçiriləcək oyuna yönəltmişik”.
Reportyor.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi – “Sileks”in baş məşqçisi Qoran Simov deyib.
O, yerli mətbuata açıqlamasında hazırda yalnız Şimali Makedoniya çempionatının 2-ci turunun oyununa kökləndiklərini və Ağdam klubu ilə görüş barədə fikirləşməyi futbolçularına qadağan etdiyini bildirib:
“Kratovoda oynayacağıq və ilk turda “Belasitsa” üzərindəki 6:0 hesablı qələbədən sonra yalnız 3 xalı hədəfləyəcəyik. Buna görə də oyunçulara şənbə gününə qədər “Qarabağ” barədə düşünməyi qadağan etmişəm”.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.