Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərlə bağlı statistika məlum olub. Rəsmi statistikaya görə, ötən il məişət zorakılığı nəticəsində 37 qadın öldürülüb, onlardan biri də 18 yaşına çatmamış qız olub.
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb:
“Qadına qarşı ”şeytani” yanaşma hər zaman olub. Lakin son illərdə bu steriotiplər daha çox qatılaşmağa başlayıb. Bunların bir qismini sosial şəbəkələr, xəyanətlə, digər bir qismini isə itaətsizliklə əlaqələndirirlər. Yəni qadının əvvəlki itaətkar sosial rolu dəyişib, üsyankar, bir qədər də öz haqqını tələb edən qadın obrazına çevrilməsi qəbul edilmir.
Ona görə də qadını ən çox bu sterotiplərlə, damğalarla, böhtan və şərlərlə, üstünə əxlaqsızlıq, xəyanətkar adını atmaqla əzmək olur. Bu zaman qadınlar özlərini doğrultmağa, bəraət qazandırmağa çalışır ki, bu da əks təsir verir. Yəni hazırda ümumi yanaşma belədir”.
Mehriban Zeynalovanın sözlərinə görə, bir çox kişilər güclü qadınları xoşlayır, onlarla dostluq etməyə, ünsiyyət qurmağa çalışır, amma evdə itaətkar qadın obrazının olması onlar üçün daha əlverişlidir: “Qadını özünə tabe edərək, idarə etmək kimi davranışlar hələ də mövcuddur. Üstəlik qadının boynuna qoyurlar ki, bu yükü götürməlidir, hər cür davranışa razı olmalıdır, çünki ailəlidir, ailəni qorumaq mütləq şəkildə onun borcudur, başqasının borcu deyil”.
Mehriban Zeynalova qeyd etdi ki, ötən ilə nisbətən bu il qadınların öldürülməsi halları daha da artıb: “Qadınların öldürülməsi statistikasına gəldikdə, ötən il bu statistikanı aparmamışam, ona görə də bu sayın nə qədər düzgün və yaxud yanlış olduğunu deyə bilmərəm. Amma mətbuatda izlədiyimiz hadisələri araşdıranda məlum olur ki, bu il həmin rəqəm bir qədər artıqdır.
Qadın cinayətləri ilə bağlı məsələyə gəldikdə, düşünürəm ki, bu cinayətlərin araşdırılmasında müəyyən bir fərqli yanaşma ortaya qoymaq lazımdır. Məsələn, araşdırmaq lazımdır ki, hadisəyə qədər qadın neçə dəfə polisə müraciət edib, hansı vəziyyət yaranıb ki, qadın bu cinayəti törədib. Əksər hallarda bu hadisələr ailə münaqişəsi zəminində baş verir. Azərbaycanda qadının adam öldürməsi çox təsadüfi hallarda baş verir. Bunu nəzərə alaraq, istintaq mərhələləri çox dərin öyrənilməli, prosesdə məişət zorakılığını bilən, onun mahiyyətinə varan, o sualları verən və materialları toplayan adamlar olmalıdır.
Bəzən cinayət törədən qadınların vəkilləri olmur, bu səbəbdən özlərini kifayət qədər müdafiə edə bilmirlər. Bu məsələyə də diqqət çəkmək lazımdır”.
Mehriban Zeynalova təəssüflə qeyd etdi ki, Azərbaycan cəmiyyətində bir qadının öldürülməsi əksər hallarda namus cinayəti kimi qələmə verilir: “Mütləq şəkildə öldürülən qadın əxlaqsızdır, onun günahı var. Qadını öldürən kişini isə heç kəs günahkar hesab etmir.
Bəzi hallarda istintaq prosesində də bu cür sterotip yanaşmalar mövcud olur. Pis hal budur. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə bir çox hallarda şahidi oluruq ki, qadını öldürən cinayətkara dəstək, ona haqq verəcək fikirlər səsləndirilir və onların arasında qadınlar da olur.
Bəzən deyirlər ki, qadına qarşı cinayət törədən kişini böyüdüb, tərbiyə edən də qadındır. Yəni burada da qadın günahlandırılır. Bu da bir steriotipdir. Bəlkə, cinayətkarı yetişdirən mühitdir? Bəlkə, onu yetişdirən qadın uzun müddət zorakılıqlarla üzləşib, gücsüz olub, özünü müdafiə edə bilməyib, nəticədə uşağı da aqressiv böyüyüb və zorakılığı normal hal kimi qəbul edib?”