Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə düşmənə əsir düşməmək üçün özlərini partladan Azərbaycan Ordusunun 7 kəşfiyyatçısından biri, Azərbaycan “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid Dinar Mustafayev ilə bağlı anım tədbiri keçirilib.
Reportyor xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Şəmkir Heydər Əliyev Mərkəzinin layihə rəhbəri Arzu Həsənova, şəhid olmuş kəşfiyyatçıların ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qəhrəman şəhidimiz Dinar Mustafayev barədə geniş danışılıb, o və onunla bərabər 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının döyüş qəhrəmanlıqlarından söz açılıb, həmin qəhrəmanlar üçün çəkilən film təqdim edilib.
Millət vəkili Qənirə Paşayeva çıxışı edərək “qəhrəman şəhidlərimizin qarşısında, belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirəm” deyib, qəhrəman şəhidimiz, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Dinar Mustafayevin vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb. Ali Baş Komandanın fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımızı, müəllimlərmizi, hər kəsi fəal olmağa səsləyib. Millət vəkili bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik
Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıb. Qəhrəman şəhidimiz Dinar Mustafayevin müəlllimi, ziyalılar, N-saylı hərbi hissənin heyət üzvləri, rayon Qarabağ əlilləri cəmiyyətinin, Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov, müəllimlər, ziyalılar çıxış edərək geniş fikirlərini söyləyiblər. Qəhrəman şəhidimiz Dinar Mustafayevin döyüş yoldaşı Əhmədov Aqil Mürsəl oğlu da onunla bağlı xatirələrini və fikirlərini bölüşüb. Qəhrəman şəhidimizin anası, bacıları, dayısı da çıxış edərək qəhrəman şəhidimizin ən böyük arzusunun torpaqlarımızı işğaldan azad görmək olduğunu deyiblər və inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın hamısı işğaldan azad olunacaq və Dinar da daxil olmaqla bütün şəhidlərimizin ruhu şad olacaq deyiblər. Tədbirin sonunda şəhid Dinar Mustafayevin əziz xatirəsinə hazırlanmış fotoalbom şəhidin ailəsinə və digər qonaqlara təqdim olunmuşdur.
Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla ermənilərin işğal altındakı Füzuli rayonuna göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıtsa da, ikinci qrup düşmənin mühasirəsinə düşüb. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır. Kəşfiyyatçılar düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur, onlardan 1-i Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşərək sağ qalıb.
Mərhum prezident Heydər Əliyev kəşfiyyat qrupunun bütün üzvlərinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz: