Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edib.
Meydan sahibləri Elvin Məmmədovun 33-cü dəqiqədə vurduğu qolla ilk yarını öndə bitiriblər. Lakin fasilədən sonra qonaqlar 2 qol vurub. 57-ci dəqiqədə Mirabdulla Abbasov, 73-cü dəqiqədə isə İqnasio Errera fərqlənib. Beləliklə, “Neftçi” səfərdə 2:1 hesablı qələbə qazanıb. Üstəlik, Yusif Nəbiyev 83-cü dəqiqədə qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.
Ardıcıl ikinci məğlubiyyətini alan “Qəbələ” isə çempionluq yolunda ağır zərbə alıb. Hazırda 35 xala malik “qırmızı-qaralar” lider “Qarabağ”dan 10 xal geridədir. Xallarını 23-ə çatdıran flaqman isə yenə 5-ci pillədədir.
Tura saat 18:00-da başlanacaq “Zirə” – “Keşlə” matçı ilə yekun vurulacaq.
İlk oyun günündə “Kəpəz” “Səbail”i 2:1 hesabı ilə yenib. “Sumqayıt” – “Qarabağ” matçında isə qalib müəyyənləşməyib – 1:1.