Millət vəkili Qənirə Paşayeva Kuala-Lumpurda Malayziyanın qadın təşkilatlar, qeyri-hökumət təşkilatları, tanınmış şəxsiyyətləri ilə görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Malayziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Malayziyanın qadın təşkilatları, qeyri-hökumət təşkilatları, tanınmış şəxsiyyətlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Malaziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Malayziyanın qadın təşkilatları, qeyri-hökumət təşkilatları, tanınmış şəxsiyyətləri iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Malayziyanın qadın təşkilatları, qeyri-hökumət təşkilatları, tanınmış şəxsiyyətlərinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib. Millət vəkili Q.Paşayeva və Azərbaycanın fəal qadınlarından ibarət nümayəndə heyəti Malayziya Milli Kitabxanasını da ziyarət edib, kitabxana rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva və Azərbaycanın fəal qadınlarından ibarət nümayəndə heyəti Malayziyadakı səfirliyimizi ziyarət ediblər, səfirimiz Qaley Allahverdiyev və səfirliyin əməkdaşları ilə geniş fikir mübadiləsi olub. Onlar eyni zamanda Malayziyada yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüblər və Azərbaycanın bu ölkədə daha geniş təbliği istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva və Azərbaycanın fəal qadınlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində Malayziyanın yeni inzibati mərkəzi Putrajayanı da ziyarət ediblər.