Türkiyədə yaşayan professor, siyasi təhlilçi Toğrul İsmayıl iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən erməni təxribatı, bu təxribatın hədəfləri, Türkiyənin və Rusiyanın tutduğu mövqe və digər mövzularla bağlı “AzPolitika.info” ilə fikirlərini bölüşüb.
Professorla müsahibəni təqdim edirik:
– Toğrul bəy, cəbhənin Tovuz istiqamətindəki gərginlik nisbətən səngisə də, baş verənlərin ətrafında müzakirələr davam edir. Sizcə, Ermənistan tərəfinin bu qəfil təxribatının arxasında hansı məqsədlər dururdu?
– Əsində, belə addımlar qəfil, birdən-birə atılmır. Əksinə, öncədən planlaşdırılır, ölçülüb-biçilir. Burada “məqsəd nədir” sualı daha doğrudur. Ermənistan ordusu 1994-cü ildən bu yana hər zaman Azərbaycana hücumlar edib, atəşkəsi pozub. 2016-cı ildə Azərbaycan tərəfi buna cavab olaraq, işğal edilən ərazilərdə gücünü ermənilərə göstərib. Tovuzda baş verən hücum isə, məncə, strateji xarakter daşıyan akt idi. Hədəf Tovuzdakı strateji yüksəkliyi ələ keçirmək, məqsəd isə enerji, avtomobil və dəmir yolu xətlərini nəzarət altında saxlayaraq, əslində Azərbaycanın boğazını sıxmaq idi.
Eyni zamanda unutmamalıyıq ki, bu işin arxasında Rusiya dayanır. Hadisələr Qarabağda deyil, Azərbaycanın mübahisəsiz ərazisində baş verib. Üstəlik, bu ərazi Qarabağdan çox uzaq yerdədir, amma strateji bölgədir. Fikrimcə, hədəf yüksəkliyi ələ keçirib, strateji layihələri nəzarət altına almaq idi. Nəzərə alınmalıdır ki, bu ərazinin tutulması və ya nəzarət altına alınması Azərbaycan iqtisadiyyatının qan-damar sisteminin basılmsıdır və bunun nəticəsində Azərbaycan iqtisadiyyatı ağır duruma düşə bilər. Həm də Bakı-Tiflis-Qars dəmir yolu xətti buraya yaxın ərazidən keçir.
Əlbəttə, bu hücum həm də Azərbaycan və Türkiyənin reaksiyasını yoxlamaq, gücünü hesablamaq cəhdi idi. Ehtimal edirəm ki, ermənilərin Tovuz istiqamətindəki hücumunun arxasında həm də daxili siyasi hesablamalar var idi. Həm Ermənistan, həm də Azərbaycan nöqteyi- nəzərindən. Burada kompleks məsələlər var, bir neçə amil üst-üstə düşmüşdü.
– Sizcə, Ermənistan və ya Rusiya üçün Azərbaycanın Qərbə açılan layihələrini nəzarət altına almağın nə kimi əhəmiyyəti var? Axı bu halda ABŞ, İngiltərə ortaya açıq mövqe qoymalı olacaq…
– Nəzarət altına almağı bacara bilsəydilər, nəticə etibarilə Azərbaycan yenidən torpaq itirəcək, strateji baxımdan geri düşəcəkdi. Həmçinin, qarşı tərəfə bazarlıq üçün yeni qol açılacaqdı. Dünya onsuz da bu məsələyə qarışan deyil. Mən, Azərbaycan insanından soruşuram, gəlin gözümüzü açaq və dünyaya baxaq, bizi kim dəstəklədi? Türkiyə, Ukrayna və Pakistan. Gürcüstan Azərbaycan və Türkiyənin hər şeyi ilə bəslənir, amma o belə, bu prosesdə Azərbaycanı dəstəkləmədi.
Avropa Birliyi və BMT-dən verilən açıqlamalar sadəcə, “atəşi dayandırın” çağırışı idi. Əgər düşmən bu əraziləri alsaydı, bir-iki qətnamə verib dayanacaqdılar.
Bu gün Ukraynadan müharibə gedir. Bunun qarşılığında dünya nə edir? Gürcüstanın bir çox bölgələrini ruslar aldı. Eləcə də Ukraynanın ərazilərini ilhaq etdi. Bunun qarşılığında dünya nə edə bildi? Yəni dünyada bizim gözləntilərimiz olan mexanizmlər artıq işləmir. Əslində, dünyanın müxtəlif regionlarında qarşıdurmaların artmasının bir səbəbi də beynəlxalq mexanizmlərin işləməməsi faktıdır. İqtisadi sanksiyalarla kimi, hansı ərazidən çıxara bilərlər? Bu, illərlə sürəcək prosesdir.
Amma Tovuz məsələsində Türkiyənin sərt və qəti reaksiya göstərməsi olduqca əhəmiyyətli idi. Prezident Ərdoğan açıq elan etdi ki, Ermənistanın arxasında biri olmasa, belə cürətli ola bilməz. Bu mesajı diqqətlə oxumaq lazımdır. Türkiyənin Xarici İşlər naziri çıxıb müsahibə verdi. Elan etdi ki, hər bir vəziyyətdə Azərbaycanın yanındayıq. Yəni müharibə aparsa da, danışıqlara getsə də, arxasındayıq. Sonra Prezident Ərdoğan, Türkiyə Böyük Millət Məclisi bəyanat verdi, Müdafiə naziri mövqeyini açıqladı. Və ən sonda hərbi sənaye rəhbəri elan etdi ki, dronlar, pilotsuz uçuş aparatları istənilən an Azərbaycanın ixtiyarına veriləcək. Bu nə deməkdir? Yəni müharibə olsa belə, buna hazırıq və Azərbaycana lazım olan hər şeyi verəcəyik.
Rusiyadan nə cavab gəldi? Başqa vaxt Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərlərinə zəng edərək, onları atəşkəsə çağırırdı. Amma Tovuz hadisələrində Rusiya prezidenti İlham Əliyevə zəng etdimi? Məsələ budur. Bunun arxasında kimin durduğu bilindi.
İran dolayısı yolla guya Azərbaycanı dəstəklədiyini elan etdi, amma Təbrizdə küçələrə çıxıb Azərbaycan lehinə aksiya keçirənləri həbs etdi, döydü.
– 2016-cı ilin aprel savaşında Türkiyə belə qəti və kəskin mövqe ifadə etməmişdi…
– Sözsüz ki, məlum bölgələrdə rus-türk ixtilafı var. Türkiyə də həmin ərazilərdə öz sözünü dedi. Yəni burada kiminsə kimisə yoxlamasına ehtiyac yoxdur.
– Sizcə, bu hadisənin, bəzilərinin dediyi kimi, Liviya və Suriyada gedən proseslərə yaxından-uzaqdan aidiyyatı varmı?
– Dünyada baş verən bütün proseslərin bir-birinə aidiyyatı var. Artıq dünya qloballaşıb. Qarabağ məsələsi də qlobal məsələdir.
– Bəzi analitiklər hesab edirlər ki, Türkiyə Azərbaycanın qardaşı, bir nömrəli müttəfiqi olmaqla yanaşı, son qətiyyəti ilə həm də ABŞ və İngiltərənin mövqeyini ifadə edib. Bu fikirlə razısınızmı?
– Türkiyə bölgənin güclü dövlətidir. O, Suriyada və Liviyada gücünü göstərdi. Eyni zamanda, Ankaranın guya siyasətini dəyişdiyi iddia olunsa da, Türkiyə əslində yenə qərbyönümlü siyasət aparır. Unutmayaq ki, Türkiyə müstəqil siyasət aparsa da, Qərblə inteqrasiya içindədir. Yəni NATO üzvüdür və Qərb ölkələri ilə müxtəlif razılaşmaları var.
Bəli, son illər Türkiyənin Qərb ölkələri ilə sözü çəp gəlir. Çünki güclü bir Türkiyə, ABŞ başda olmaqla, Qərb ölkələrinin də işinə yaramır. Və Türkiyə son addımları ilə həm də “ABŞ və İngiltərənin mövqeyini ifadə edir” ifadəsi məncə yerində deyil. Həmin ölkələr, sadəcə, Türkiyənin bu davranışlarının lehinədirlər. Üstəlik, “Breksit”dən sonra İngiltərə ilə Türkiyə arasında yaxşı münasibətlər formalaşıb. Türkiyənin sözü əslində çox kəsərlidir. ABŞ da ondan məhz bu cür mövqe gözləyir, özü isə belə məsələlərdə ortaya açıq mövqe qoymaz. Odur ki, Türkiyənin indiki qəti mövqeyi həm ABŞ, həm də İngiltərənin işinə yarayır.
– Hazırda Tovuz istiqamətində nisbi sakitlik hökm sürür. Sizcə, cəbhədə yeni alovlanma gözləniləndirmi?
– Əvvəla, bu bölgədə müharibə olmasının hansı güclərin işinə yaradığını nəzərə almaq lazımdır. Azərbaycanın işinə yaramır. Uzunmüddətli müharibə Ermənistanın da işinə yaramır, çünki iqtsadi vəziyyəti buna dözməz və çökər. Rusiyanın da maraqlarına uyğun deyil. Onsuz da iqtisadi çöküş yaşayan Rusiya üçün yeni cəbhənin açılması əlverişli gedişat deyil. Üstəlik, türk-müsəlman əhalisinin əleyhinə gedərək Ermənistana açıq dəstək vermək Rusiyanın daxilini qarışdıra bilər. Bu prosesə Türkiyənin qatılması Rusiya üçün əlavə sıxıntılar yaradar. Bu halda Rusiya üçün bölgədəki status-kvonun olduğu kimi saxlanılması və kiçik lokal qarşıdurmalarda Rusiyanın “vasitəçi missiyası”nın davam etməsi önəmlidir. Amma bu dəfə nə Putin vasitəçilik təklifi ilə zəng etdi, nə də İlham Əliyev vasitəçi olması üçün Moskvaya müraciət etdi. Əvəzində, Azərbaycan generallarından ibarət heyət Ankaraya səfər etdi. Bu mesajları da oxumaq lazımdır.
– Sizcə, bununla Bakı hansı mesajları vermiş oldu?
– Bakı “Türkiyənin bəyanatlarına və mövqeyinə isti yanaşırıq” mesajını verdi. Əslində, bölgədə iki geopolitik xətt var idi. Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanla Rusiya. Gürcüstanı bir kənara qoysaq, Azərbaycan və Türkiyə ilə Ermənistan və Rusiyanın qarşı-qarşıya olduğu bu dəfə açıq göründü. Məncə, bölgədə geopolitika baxımından sınma nöqtəsi yaşandı. Paşinyan Moskvaya getdi və rus mediası həmən dedi ki, Ermənistan bizsiz yaşaya bilməz. Əslində isə Paşinyan Rusiyanın çörəyinə yağ-bal sürtdü. Dünənə qədər “Qərb, demokratiya” havası buraxırdı, amma gedib boynunun ipini Rusiyanın əlinə verdi. Bitdi, “Rusiyasız Ermənistan bir heçdir” mesajı ruslar tərəfindən hər zaman veriləcək.
Azərbaycan isə göstərdi ki, Türkiyə ilə bir yerdədir. Və eyni zamanda, Azərbaycanın daxilində Rusiya meylli qüvvələrin təsiri azalmağa başlayıb. Tamamilə yox olduğunu demək olmaz, amma bu qüvvələrlə mübarizə daha ağır mərhələyə keçdi.
– Bundan sonra danışıqlar prosesinin perspektivi olacaqmı?
– Bilirsinizmi, ATƏT-in Minsk Qrupu uzun illərdir ki, tərəflərlə danışıqlar aparır, vasitəçilik missiyasını yerinə yetirir. Amma bu missiyanın Dağlıq Qarabağla yaxından-uzaqdan bir əlaqəsi olsaydı, son 27 ildə danışıqların hansısa bir nəticəsi olardı. Prezident Əliyev də son çıxışında dedi ki, danışıqlar boş şeydir. Mən də bir mütəxəssis olaraq hesab edirəm ki, danışıqlar mənasızdır. 27-30 il danışıqlar olmaz. Əslində, bu danışıqlar dalana dirəndiyi üçün belə silahlı qarşıdurmalar ortaya çıxıb. Bu, heç də lokal qarşıdurma deyil. Düşünün, Azərbaycanın generalı, polkovniki, mayoru hədəfə alınaraq vurulub. Bu, təsadüfi deyil. Ancaq burada düşmənin gözlədiyi effekt alınmadı. Düşündülər ki, vuracaqlar, Azərbaycanda qarışıqlıq olacaq, xalq iqtidara qarşı qalxacaq və s. Amma Azərbaycan milləti göstərdi ki, Qarabağ məsələsində müxalifət-iqtidar, zəngin-kasıb məsələsi ola bilməz, hər kəs eyni mövqedədir. Əlbəttə, xalq ortaya çıxıb mövqeyini ifadə etdi, belə hallarda kiçik təxribatlar da ola bilər. Türkiyədə, Cənubi Azərbaycanda, Avropada, Amerikada Azərbaycan türkləri ayağa qalxdı. Moskvada uzun illər insanların canı yansa da, ermənilərlə ticarət davam edirdi. Amma bu dəfə bazarlarda ermənilərdən mal almağı dayandırdılar, hətta Ermənistan konsulunu ticarət mərkəzindən qovdular. Əlbəttə, həmin mərkəzin sahibi musəvi olsa da, vətəni Azərbaycandır, bizdəndir, bizimdir. Bunlar böyük mesajlardır.
– Dediniz ki, generalın hədəf alınaraq vurulması təsadüfi deyil. Deməli düşmənə onunla bağlı koordinatlar verilib. Sizcə, bu koordinatları kim verə bilərdi?
– Bu cür texnologiyaya bölgədə kim sahibdirsə, o da verib. Mən birmənalı nəsə deyə bilmərəm, çünki məlumatım yoxdur. Amma mütəxəssis kimi hesab edirəm ki, vaxtilə Cövhər Dudayev necə öldürüldüsə, bizim generalın ölümü də ona bənzər şəkildə baş verdi. Generalımızın olduğu yer təsadüfən vurula bilməz. Onun danışıqları izlənib və vurulub. İndi generalın koordinatları xaricdənmi verilib, yoxsa daxildənmi ötürülüb məsələsini Azərbaycan iqtidarı araşdırmalıdır. General təmiz adamdır, xalqın adamıdır, bu öz yerində. Amma Azərbaycan ordusunun paşası öldürülüb. General adətən səngərdə olmur.