“4 körpənin ölümü ilə nəticələnən yanğın hadisəsində günahı olan hər kəs məsuliyyətə cəlb edilməlidir, bir səlahiyyətli şəxs belə məsuliyyətdən kənarda qala bilməz”. Bu fikirləri Reportyor.info-ya Prezidentliyə namizədliyi qeydə alınmış Fuad Əliyev Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı qeyd edib. Artıq 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Fuad Əliyev isə qeyd edib ki, iş hərtərəfli araşdırılmalıdır və bu hadisədə səhlənkarlıq etmiş şəxslər müəyyən olunmalıdır: “Biz prokurorluq orqanlarına inanırıq ki, istintaq obyektiv və ətraflı aparılacaq, təhqiqat yüksək səviyyədə olacaq. Baş Prokurorluq da açıqlayıb ki, hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Deməli, bu iş üzrə yeni həbslərin olması, istintaqa cəlb edilməsi istisna deyil. Mənə elə gəlir ki, bu hadisədə səhlənkarlığı olan əlavə şəxslər ola bilər. Rəsmi məlumatdan da bunu görmək olar. Hər halda, belə məsələlərdə ciddi istintaq aparılmalıdır. Ortada 4 körpənin ölümü, yanğından təhlükəsizliyin bərbad təşkili faktı var. Bu cür halların təkrar olmaması üçün cəza tədbirləri görülməlidir”.