“Əgər seçki oktyabrda keçirilsəydi, çaxnaşma baş verə bilərdi…”
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisinə 8 gün qalır. Bu ilin oktyabrında keçirilməli olan seçkilərin vaxtının 6 ay əvvələ çəkilməsi ilə bağlı müzakirələr isə səngimək bilmir.
Seçkinin vaxtının tezləşdirilməsi ilə bağlı mövqelər müxtəlifdir. Belə iddialar var ki, seçkilər oktyabrda keçirilsəydi, həmin vaxta qədər Azərbaycana xaricdən, xüsusilə Rusiyadan gələn təzyiqlər daha da artacaqdı. Bunun rüşeymlərini görən iqtidar seçkiləri tezləşdirib. İddialardan biri də odur ki, Azərbaycan hökuməti söyüşcül müxalifətçilərin, eləcə də xaricdə yaşayan bəzi sabiq məmurların müxtəlif dairələrin xüsusi tapşırığı ilə hərəkətə keçəcəyindən əvvəlcədən xəbərdar olub, bunun üçün də seçkiləri önə çəkmək qərarı verib. Seçkilərin vaxtı açıqlanan kimi Avropadakı “söyüş müxalifəti”nin fəallaşmasının təsadüf olmadığı vurğulanır. Rusiyada yaşayan baş nazirin sabiq birinci müavini Abbas Abbasov, qismən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu proseslərdə iştirakı ilə bağlı iddialar da gündəmin mövzularındandır…
Prezidentliyə namizəd, deputat Zahid Oruc “Yeni Müsavat” a açıqlamasında bununla bağlı maraqlı bilgilər verib:“Əvvəla, onu qeyd edim ki, ötən həftə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ”İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbirdə prezidentin köməkçisi Əli Həsənov bununla bağlı bir sıra fikirlər səsləndirdi. Əli müəllim dövlət idarəçiliyində peşəkarlığı ilə fərqlənən bir şəxsiyyətdir. Biz çox yaxşı bilirik ki, o, dolğun məlumatlar əsasında hərəkət edərkən çox dəqiq prinsipləri müəyyənləşdirən və ona əməl edən bir insandır. Xarakter etibarı ilə hörmətli Əli müəllimin belə obrazda tanınması deyəcəyimiz fikirlərə daha dolğun məzmun verir. Seçkilərin 6 ay öncəyə çəkilməsində ölkədaxili hər hansı bir fövqəladə vəziyyətin olmadığını dəfələrlə vurğulamışıq. 90-cı illərin praktikasında müharibə şəraiti, parçalanmış ölkə durumu, vətəndaş qarşıdurması, bir-birini əvəzləyən məğlubiyyətlər seriyası, bölgələrin itirilməsi kontekstində Xocalı soyqırımının üzərindən keçən növbədənkənarlılıqlar görmüşük. Bunlar qətiyyən yaxşı hal sayılmırdı. 1993-cü ildən etibarən biz sabitləşmə mərhələsinə qədəm qoyduq. İndiki şəraitdə ölkə xaricində cərəyan edən proseslər Azərbaycanı ölkələrarası gərginlikləri izləməyə vadar edir. Bu, hər bir dövlətin varlıq halıdır. Biz dünya ilə münasibətlər kontekstində mövcuduq. Nə qədər inteqrasiya olunmuşuqsa, o səviyyədə də təsirlər qarşısında qalacağıq”.
“Aprelin birində prezidentliyə namizədlərin debatında çıxışımı bu kontekstdə başladım ki, son yüz ildə tərkibinə daxil olduğumuz iki imperiyanın dağılması fonunda 40%-ə yaxın ərazimizi itirdik. Özü də bir-birinə zidd iki hakimiyyətin dönəmində bunları yaşadıq. XXI əsrdə üçüncü risk qarşısındayıq” – deyə, o qeyd etdi: “Rusiya-Britaniya münasibətlərinə baxın. Amerika-Rusiya münasibətləri SSRİ dağılandan sonrakı dövrü incələdikdə, hazırda ən gərgin illərini yaşayır. İran-ABŞ münasibətləri də pisləşməkdədir. Hələ NATO müttəfiqləri kimi Türkiyə-Amerika və digər gərgin münasibətlərdən söz açmıram. Belə olan təqdirdə həmin gərginliklər böhran vəziyyətinə çatanda biz səngərin harasında olacağıq? Çoxları deyə bilər ki, bu bizim əhəmiyyətimizi artırır, Rusiya sanksiyalar altında qaldıqda, diplomatları qovulduqda, Qərbdə əhəmiyyətimiz olduqca artır. Mən bunların əksini düşünürəm. Belə olan halda Rusiya və Ermənistanda seçkilərin başa çatması fonunda Azərbaycan hədəf olaraq, beynəlxalq gərginliyin bu bölgəyə keçməsi üçün zəminə çevrilə bilər. Bu isə arzuolunmaz ola bilərdi. Çünki Ukraynanın taleyində iki qütbün toqquşmasının nə qədər acınacaqlı olduğunu gördük. Doğrudur, Pyotr Poroşenko tərəfindən Qərbin simaları vuruşurlar, amma faciə ortadadır. Azərbaycan seçkiləri üzərində bu cür çaxnaşmalar ola bilərdi. Biz bunu real olaraq görməkdə idik. Hesab edirəm ki, İlham Əliyevin seçkilərin vaxtının önə çəkilməsi ilə bağlı qərarı dediyimiz məqamları özündə ehtiva edirdi. Bu qərarın düzgün olduğu göz önündədir. Biz seçki kampaniyasında iştirak edərək, namizəd kimi prosesə qoşularaq məramımızı ifadə etdik. Hər keçən gün bu qərarın doğruluğunu təsdiqləyir.Aprelin 11-dən sonra buna çoxları, hətta müqavimət göstərənlər də əmin olacaqlar. Ola bilər ki, çoxları Azərbaycanın bu təhlükələrin mərkəzinə düşməsini arzulayır, onlara yol açılması üçün ən uyğun vəziyyətin bu şəkildə yaranacağını düşünürdü. Çünki həmin qüvvələr o qədər amansızdır ki, müharibənin başlanmasını, Azərbaycanın məğlub olmasını istəyirlər, bu yolla bolşeviklər kimi hakimiyyətə gələ biləcəklərini düşünürlər. Əminəm ki, xalqdan soruşsanız, deyəcəklər ki, bizim üçün əhəmiyyətli olan seçkilərin nə vaxt keçirilməsi deyil, qarşımızda duran problemlərin həllidir. Bu problemləri isə 11 apreldə qalib gələn şəxs həll edəcək. Bütün bunlar ona imkan verəcək ki, Azərbaycan yeni hökumət formalaşdırmaqla ətrafımızda cərəyan edən proseslərə çevik, adekvat cavab versin. Heç olmasa bu dönəmdə itirməyək. Çünki Ermənistan üst-üstə bu şəraitlərdən istifadə edib yararlanıb, biz isə itirmişik. Daxilə başımızı qatıb, xarici məkanda itkilərə məruz qala bilmərik. Ona görə də seçkilərin zamanı siyasi, strateji, təhlükəsizlik əhəmiyyətinə malikdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”