Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
O, əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.
Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.
F.Adıgözəlov Prezident İlham Əliyevin 2021-ci il dekabrın 7-də imzaladığı Sərəncamla Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilmişdi.
Qeyd edək ki, Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Aydın Münsüf oğlu İbadov 1959-cu ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat mühəndisliyi” fakültəsinin “Sənaye və mülki tikinti” ixtisasını bitirib. Elə həmin ildə hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə 1984-cü ildə “Azərnəqliyyattikinti” trestində mühəndis kimi başlayıb.
1991-2017-ci illərdə reklam sahəsində sahibkarlıq, o cümlədən bir sıra beynəlxalq şirkətlərin Azərbaycan və Rusiya Federasiyasındakı nümayəndəliklərində fəaliyyət göstərib. 2017-ci ilin 20 iyununda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yeni yaradılan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru, daha sonra Prezidentin 2019-cu il 16 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin olunmuşdu.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.