Prezident Administrasiyasının vətəndaşları qəbul şöbəsi işini qeyri-rəsmi dayandırıb. Bunu pandemiya ilə əlaqələndirən PA-nın müvafiq strukturu vətəndaşları fərdi şəkildə qəbul etmir.
Reportyor.info-nun əməkdaşının tez-tez PA önünə gələn şikayətçilərin problemini dinləyib işıqlandırması zamanı aydın olur ki, insanlar əlacsız qalıblar.
Onların PA-ya etdikləri müraciətlər nəticəsiz qalır, müvafiq şöbədən səlahiyyətli şəxslər tərəfindən qəbul olunmurlar.
Son ümid yeri kimi baxdıqları Prezident Administrasiyası onları geri çevirir, problemlərini dinləmir, taleyin öhdəsinə buraxırlar.
Ayrı-ayrı məmurlar tərəfindən haqqı tapdanan, hüquqları pozulan, müxtəlif sosial problemlərlə bağlı şikayətçi olan vətəndaşlar aidiyyatı qurumlara etdikləri müraciətlərdən diqqət görməyəndə PA-ya üz tuturlar.
Lakin onların sonuncu instansiyada da qəbul edilməməsi narazılığı artırır. Halbuki ölkə rəhbərliyi PA-da kifayət qədər kadr dəyişiklikləri, islahatlar həyata keçirib, məmurlara xalqla işləməyi tapşırıb.
Amma belə görünür ki, PA-da vətəndaşların qəbul şöbəsi və ayrı-ayrı şöbələr işini yerinə yetirmirlər. Nəticədə PA qarşısına hər gün gələn şikayətçilər əliboş, çarəsiz, ümidsiz geri qayıdırlar.
Onların şikayətlərini, Prezidentə müraciətlərini işıqlandıran əməkdaşımızın sözlərinə görə, administrasiyada onları qəbul edən olmursa, insanlar hara və kimə dərdini danışmalıdırlar?! – Maraqlıdır…